Rus paranoyyası: "itmiş vicdan" və ya "əksliklərə meyl" sindromu - Bahəddin Həziyev yazır

3 İyul 2025 15:44 (UTC+04:00)

"Rus intibahı"nın məşhur yetirmələrindən biri - tənqidi realizmin ustalarından olan satirik yazıçı Mixail Saltıkov-Şedrin özünün "İtmiş vicdan" əsərində əslində rus kimliyinin dərinliklərinə baş vurur. Əsərdə ondan bəhs olunur ki, bir gün qəfildən vicdn yoxa çıxır, insanlar bundan - vicdanın itməsindən heç xəbər tutmurlar. Üstəlik bir rahatlıq, sərbəstlik hiss edirlər.
Əsərdə deyilir: "Bütün qadağalar elə bil birdən qeybə çəkilmişdi... heç nə onları (adamları - B.H.) kədərləndirmirdi, heç nə düşündürmürdü....müdrik adamlar başa düşdülər ki, əl-qollarını bağlayan sonuncu əsarətdən, nəhayət azad olublar və aydındır ki, bu azadlığın bəhrəsindən istifadə etməyə tələsdilər. Camaat azğınlaşdı: soyğunçuluq, quldurluq ayaq açdı, talanlar hər yanı başına götürdü.”
Sonra iş elə gətirir ki, itmiş vicdanı bir nəfər əyyaş tapır, bu tapıntının nəticəsində əyyaşın gözləri açılır, o, ağıllanır, həyatı olduğu kimi görməyə başlayır və... təbii ki, buna görə cəzalanır.
Hazırda Rusiya siyasi, eləcə də, ictimai elitası Saltıkov-Şedrinin əsərindəki həmin o vicdanının itirilməsi dövrünü yaşayır. Onun - hakimiyyətin, həmçinin mediasının qarşısında heç bir hüquqi əngəl, heç bir mənəvi baryer, heç bir hədd-sərhədd qalmayıb, artıq bütün "qırmızı xətlər" aşılıb, bütün qadağalar keçilib. Hüseyn Cavidin sözləri ilə desək, bu "həyasızca axın" öz qarşısına çıxan hər nə varsa, vurub dağıdıb keçir.
Saltıkov-Şedrinin əsərindəki metafor rus ruhunun dağıdıcı təlatümlərini olduğu kimi - aydın və dolğun təsvir edir. Bu insan vicdanını itirənə qədər sadiq dostdur, dinc qonşudur. Elə ki vicdanını itirdi, dönüb tamam başqa biri olur.
Bax, Saltıkov-Şedrinin bu bədii təsvirini başqa bir Söz ustası - filosof-yazıçı Arseniy Qulıqa "Rus ideyası və onun yaradıcıları" kitabında davam etdirərək, tam anlamında açıb və sosial-fəlsəfi izahını verib. Fəlsəfi portretlər janrında yazılmış həmin əsərdə müəllif rus xarakterinin mütəhərrik tərzini incələyir.
"Rus milli xarakteri əkslikləri özündə sığışdırlb. Və fasiləsiz olaraq (bu əksliklər- B.H.) bir-birinə keçir. Əlbəttə, başqa xalqlarda da belə əksliklər tapmaq olar. Ancaq təkcə Rusiyada "tezis antitezisə çevrilir.""
Dırnaq arasında verilmiş ifadəni Qulıqa Nilolay Berdyayevin "Rusiyanın taleyi" əsərindən iqtibas gətirib. Berdyayev yazırdı ki, məhz ruslar çox sürətlə bir ifratdan o birinə sıçrayır, qiyamçı ruhdan kölə mütiliyinə, quruculuqdan dağıdıcılığa, passivlikdən qəhrəmanlığa bir anda adlayır. Berdyayevin "rus xarakterinin maksimalizmi" adlandırdığı cəhət - bu cür mənəvi "onurğasızlıq" onu bir göz qırpımında dostdan düşmənə çevirə bilir. Bu da "velikorus şovinizmi", dövlət rasizmini, ultramillətçi ayrımçılığı qidalandıran əsas qaynaqdır.
Bu günkü Rusiya hakimiyyəti rus milli xarakterinin məhz bu oynaq cəhətləri üzərində oturub-oturuşub. Putinizmin hər cür qanlı "oyunlar"ı da məhz rus ruhunun bu cür dəyişkən təbitindən "su içir". Bu, elə bir siyasi stil, elə bir ruh halıdır ki, həmişə ona düşmən və ya ən azı düşmən obrazı lazımdır: rus cəmiyyətinin gözünü pərdələyib, o pərdə arxasında öz despotik sifətini gizlətsin, öz taxtının ömrünü uzatsın deyə. .
Belə bir düşmən və ya düşmən obrazı olmasa da, onu yaratmaq, yaxud uydurmaq lazımdır. Hazırda Rusiya hakimiyyəti və onun ideoloji ifrazat kanalları - telekanalları, Teleqram kanalları düşmən obrazı kimi Azərbaycanı və Azərbaycanlıları görür və göstərir.
Ümumiyyətlə, rus tarixi ultraradikal meyllərlə, psevdopatriot yaxacırmalarla, bu cür ifrat millətçilik cərəyanları ilə doludur. Bu, təkcə bizə qarşı deyil, başqa xalqlara da qarşı yönəlir. Hətta öz slavyan qardaşlarına qarşı törətdikləri soyqırımları da göstərmək olar.
...Rusiyada qeyri-ruslara qarşı ifrat zorakı davranış getdikcə artır. Ultramillətçi qüvvələr hakimiyyətdən, hakimiyyət də bu cür qüvvələrdən "güc" alır, qidalanır. Bu gün Rusiyada faktik dövlət ideologiyası olan "böyük rus şovinizmi" əslində Hitler faşizminin astar üzüdür. Üçüncü Reyx də sərhəd tanımır, suverenlik-filan bilmir, hara gəldi, kimə gəldi, hücum edirdi, eyni hallar Rusiyada da yaşanır...

Bahədin HƏZİYEV