Rusiyanın müxtəlif bölgələrində azərbaycanlılara qarşı həyata keçirilən "əməliyyat axtarış" tədbirləri cinayətkarlığa qarşı mübarizə hesab oluna bilməz. Əgər hadisə doğrudan da 2001-ci ildə baş vermiş qətlə bağlıdırsa, o zaman sual yaranır: niyə bu məsələ 23 il sonra və məhz indiki siyasi kontekstdə, ən başlıcası qeyri-insani, zorakılıq şəklində yenidən gündəmə gətirilir?
Rusiyanın son dövrlərdə miqrantlara, xüsusilə də Orta Asiya və Cənubi Qafqazdan olanlara qarşı sərt yanaşmaları sistematik hal alır. Bu, daxili ictimai narazılığı yönləndirmək və diqqəti sosial-iqtisadi problemlərdən yayındırmaq üçün istifadə edilən bir vasitəyə çevrilib. Təəssüf ki, bu cür əməliyyatlar bəzən hüquqi çərçivədən çıxır, zorakılıq və təzyiqlə müşayiət olunur.
Rusiyanın bu cür addımlarında bir neçə məqsəd paralel şəkildə sezilir.
Birincisi, ölkədə artan sosial narazılığın və iqtisadi tənəzzülün fonunda miqrantlara qarşı düşmənçilik ovqatı yaradaraq ictimai diqqəti yayındırmaq.
İkincisi, Cənubi Qafqazda, xüsusilə də Azərbaycanın son illər artan siyasi və iqtisadi müstəqilliyini, balanslı diplomatik kursunu “yumşaltmaq” məqsədi güdə bilər. Bu yolla Moskva mesaj verir: Azərbaycanın xaricdəki insan resursları, diasporası və sosial təbəqəsi onun təsirindən kənarda deyil.
Azərbaycanlılara qarşı son hadisələr də göstərir ki, burada həm siyasi mesaj var, həm də müəyyən psixoloji basqı məqsədi güdülür. Bu, Rusiya-Azərbaycan münasibətlərində yeni bir gərginlik nöqtəsinin yaranmasına gətirib çıxarıb.
Əgər məsələ ədalətli və şəffaf araşdırılmadan, siyasi motivlərlə yönləndirilmiş formada davam etsə, bu gərginlik səngiməyəcək kimi görünür.
Azərbaycan dövləti, təbii ki, bu cür hallara qarşı səssiz qalmır, həm diplomatik, həm də hüquqi kanallarla vətəndaşlarının hüquqlarının qorunmasını təmin etməyə çalışır.
Mövsüm Novruzoğlu,
AzNews.az