Xankəndinin əzəməti: Dünyanın gözü İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində!

3 İyul 2025 16:18 (UTC+04:00)

3-4 iyul tarixlərində Xankəndi bütün regionun diqqət mərkəzində olacaq - şəhər ilk dəfə İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) liderlərinin sammitinə ev sahibliyi edəcək.

Gözlənilən bu tədbir təkcə diplomatik və iqtisadi baxımdan deyil, həm də tarixi və mənəvi simvolizm baxımından olduqca əlamətdardır. Xankəndinin İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) liderlərinin sammitinə ev sahibliyi etməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda apardığı uzunmüddətli mübarizənin siyasi zirvəyə çatmasının rəmzi kimi də dəyərləndirilə bilər.

Bu günlərdə şəhərdə ECO üzv ölkələrin – Türkiyə, İran, Pakistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan və Əfqanıstan – dövlət və hökumət başçılarının toplaşması Xankəndinin statusunun yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün dəyişdiyini göstərir. Yəni bir vaxtlar separatizmin və qeyri-qanuni idarəetmənin mərkəzinə çevrilmiş bu şəhər indi region ölkələrinin iqtisadi əməkdaşlıq gündəmində müzakirə mərkəzinə çevrilir.

Xankəndidə belə bir yüksək səviyyəli beynəlxalq toplantının keçirilməsi həm də beynəlxalq legitimliyin təsdiqidir. Bu, Azərbaycanın diplomatik iradəsinin, hərbi-siyasi qətiyyətinin və strateji sabitliyinin nəticəsi olaraq ortaya çıxır. Sammit eyni zamanda bütün ECO məkanına, hətta daha geniş anlamda Avrasiya coğrafiyasına Azərbaycanın verdiyi mesajdır: işğala son qoyulub, bərpa və inkişaf mərhələsi başlayıb – və bu proses Xankəndidən keçir.

Xankəndidə keçiriləcək sammitin digər mühüm tərəfi də ondan ibarətdir ki, bu toplantı həm də şəhərin iqtisadi-sosial dirçəlişinə yeni nəfəs verə bilər. ECO çərçivəsində qəbul ediləcək qərarlar, imzalanacaq sənədlər, qurulacaq əlaqələr regionun nəqliyyat, enerji, ticarət və logistika xəritəsində Azərbaycanın – xüsusən də Qarabağın yeni statusunu möhkəmləndirəcək.

Çünki indi şəhərin küçələrində ECO liderlərinin addım səsləri eşidilir, hansı ki, burada bir vaxtlar səngərlər, baryerlər, separatçı simvollar vardı. İndi isə iqtisadi inteqrasiya, əməkdaşlıq və barışığın səsləri gəlir. Bu, təkcə Xankəndinin deyil, bütün Azərbaycanın gələcəyi üçün nikbinlik yaradan hadisədir.

AzNews.az