Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qəbul etdiyi son qərara əsasən, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda mühüm dəyişikliklər edilib. Artıq bankların likvidliyin örtülmə əmsalını yalnız məcmu halda deyil, həm də milli valyutada ayrılıqda hesablaması tələb olunur və hər iki istiqamətdə bu göstərici 100 faizdən aşağı olduqda, ani likvidlik əmsalı minimum 30 faiz səviyyəsində saxlanılmalıdır. Bu dəyişikliklər, milli valyutanın bank sektorunda dayanıqlığını artırmaq məqsədi daşıyır və likvidlik riskinin daha dəqiq və çevik idarə edilməsinə imkan yaradır.
Aznews.az şərh edir ki, indiyə qədər likvidlik əmsalının hesablanmasında xarici valyuta da nəzərə alınırdı və banklar daha geniş manevr imkanına malik idilər. İndi isə əsas diqqət milli valyutada olan vəsaitlərin idarə olunmasına və risklərin yerli valyuta üzrə ayrı-ayrılıqda təhlilinə yönəldilib. Bu isə, Azərbaycan bank sektorunda manatın likvidlik təhlükəsizliyini və sabitliyini artıracaq. Bankların hər iki istiqamətdə, yəni həm məcmu, həm də milli valyutada gündəlik likvidlik səviyyələrini ayrıca izləməsi, onları ani bazar dəyişiklikləri və qeyri-müəyyənliklər qarşısında daha çevik və proaktiv qərar verməyə vadar edir.
Qaydada diqqətçəkən yeniliklərdən biri də, likvidliyin örtülmə əmsalında tələb olunan hədlərə əməl olunmadığı halda tədbirlər planı təqdimetmə müddətinin əhəmiyyətli dərəcədə qısaldılmasıdır. Əvvəllər banklar 30 gün ərzində həddə əməl etmədikdə, növbəti 5 iş günü ərzində AMB-yə tədbirlər planı təqdim etməli idilər. Yeni dəyişikliklə isə bu müddət cəmi 5 gün təşkil edir və bərpa tədbirlərinin icrası maksimum 45 günə başa çatmalıdır. Bu mexanizm bankların maliyyə sabitliyinə dair daha operativ, çevik və məsuliyyətli davranış tələb edir.
Beynəlxalq təcrübədə də likvidlik risklərinin effektiv idarə olunması, xüsusilə yerli valyuta bazarının dayanıqlılığının qorunması üçün əsas tənzimləmə vasitələrindəndir. Son dövrlər Türkiyə, Rusiya və bəzi Avropa ölkələrində də milli valyuta üzrə risklərin ayrıca idarə olunmasına diqqət artırılır. Azərbaycanın bu istiqamətdə atdığı addımlar, bank sektorunun daxili bazarın dəyişkənliklərinə daha dayanıqlı olmasına, potensial risklərin erkən aşkar edilərək çevik həllinə, eləcə də valyuta bazarında mövcud sabitliyin qorunmasına xidmət edir.
Nəticə etibarilə, AMB-nin qəbul etdiyi yeni qaydalar bank sektorunda nəzarətin gücləndirilməsi, milli valyuta üzrə risklərin idarə edilməsinin optimallaşdırılması və maliyyə sabitliyinin qorunması baxımından əhəmiyyətli islahatdır. Bu yenilik həm bankların məsuliyyətini artırır, həm də ölkədə maliyyə sisteminin möhkəmlənməsinə, vətəndaşların və biznesin maliyyə sabitliyinə töhfə verir.
Nuray,
Aznews.az