Rusiyanın bir sıra şəhərlərində Azərbaycanın aparıcı xəbər portallarından olan “Report.az”, “Oxu.az” və “Caliber.az” saytlarına girişin mümkün olmaması müşahidə olunub. Məlumatlara əsasən, bu məhdudiyyət müxtəlif regionlarda eyni vaxtda qeydə alınıb.
Məsələ ilə bağlı media eksperti Vüqar Zifəroğlu bildirib ki, texniki nasazlıq ehtimalı olsa da, baş verənlərin miqyası və koordinasiyalı xarakteri filtrasiya və ya məqsədli bloklama ehtimalını ön plana çıxarır.
Qeyd edək ki, sözügedən saytlar “Global Media Group”a məxsusdur. Daha əvvəl bu media qurumuna qarşı kiberhücumlar həyata keçirilib və həmin hücumların arxasında rusiyalı haker qruplarının dayandığına dair məlumatlar yayılıb.
Vüqar Zifəroğlu qeyd edib ki, Rusiya informasiya təhlükəsizliyi siyasəti çərçivəsində tez-tez xarici mənbələrdən yayılan məlumatları məhdudlaşdırır və bu istiqamətdə “düşmən informasiya platformaları” adlandırılan saytlara qarşı bloklamalar tətbiq olunur. Ekspertin fikrincə, Azərbaycan mediasının da bu çərçivəyə salınması ehtimalı güclüdür.
“Bu cür addımlar ifadə azadlığına və informasiya əldə etmək hüququna birbaşa müdaxilədir. Rusiyada yaşayan azərbaycanlıların və ümumiyyətlə rusdilli oxucuların öz ölkələrinin media resurslarına çıxışının məhdudlaşdırılması dövlət səviyyəsində senzura nümunəsidir,” – deyə ekspert vurğulayıb.
Aznews.az