Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ili 388 min manat xalis mənfəətlə başa vurub.
AzNews.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 9,6 dəfə azdır.
Ötən il DİM-in əməliyyat gəlirləri 41,073 milyon manat (əvvəlki ilə nisbətən 5,4 % çox), mal-material ehtiyyatları üzrə qiymətdəndüşmənin bərpası üzrə gəlirləri 61 min manat (49,6 % az), investisiya gəlirləri 141 min manat (4,3 dəfə çox), digər gəlirləri 10 min manat (dəyişməyib), işçi heyəti üzrə xərcləri 25,284 milyon manat (18,3 % çox), amortizasiya xərcləri 3,671 milyon manat (27,5 % çox), çap və redaktə xərcləri 6,105 milyon manat (2,6 % çox), təmir və texniki qulluq xərcləri 630 min manat (22,6 % çox), icarə xərcləri 874 min manat (3 dəfə çox), mühafizə xərcləri 151 min manat (32,9 % az), mal və material xərcləri 563 min manat (27,45 % az), ezamiyyə xərcləri 140 min manat (5,4 % az), digər xərcləri 2,089 milyon manat (24,1 % çox), dayandırılmış fəaliyyətlər üzrə xalis zərəri 279 min manat (37,9 % az), mənfəət vergisi ödəmələri 922 min manat (36,4 % çox), digər vergi ödəmələri isə 190 min manat (42,9 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə DİM-in aktivləri 47,735 milyon manat olub ki, bu da illik müqayisədə 1,1 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 4,1 % azalaraq 1,89 milyon manata düşüb, balans kapitalı isə 1,3 % artaraq 45,845 milyon manata çatıb.
DİM ölkə Prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Mərkəz dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.