AYNA-da cavabsız sual: Bakı tıxacdan nə zaman qurtulacaq?

4 İyul 2025 08:56 (UTC+04:00)

Bakının yollarında hər gün tragediya yaşanır. Əyləci basılmış minlərlə avtomobil, gözlərini yola zilləyən, qulaqları siqnal sədaları ilə dolmuş sürücülər... Zaman keçir, amma cəmi bir neçə yüz metr irəliləmək mümkün olur. Bir azdan xəbər saytlarında tanış başlıqlar görünəcək: “Bakı yollarında tıxac müşahidə olunur”, “NİİM sıxlıq xəritəsini açıqladı”, “Əsas yollarda hərəkət iflic olub”.

İnsanlar ömürlərini tıxaca xərclədikcə, bu informasiyalar da artıq gündəlik rituala çevrilib. Elə bil, bir hadisə deyil, adi haldır – “həmişə belə olub, yenə belə olacaq” düşüncəsi kök salıb. Lakin bu hal heç də normal deyil. Çünki tıxac sadəcə nəqliyyat problemi deyil, vaxt itkisi, psixoloji yorğunluq, yanacaq israfı və iqtisadi zərər deməkdir. Bakı artıq bu problemin gündəlik yükünü daşımaqla qalmır – təmamilə onun içində yaşamağa məcbur olur.

Tıxacın səbəbləri çoxdur.

Əvvəla, Bakı şəhərində avtomobil sayı 800 minə yaxınlaşır, hər il 40-50 min yeni avtomobil qeydiyyata alınır. Şəhər daxilində hərəkət edən maşınların sıxlığı yolların tutumunu aşır. Halbuki yolların uzunluğu artmır, metro xətləri genişlənmir. Bu deməkdir ki, yol yükü daşıya bilmədiyindən tıxac qaçılmazdır.

Əhalinin ictimai nəqliyyata keçməsi üçün şərait də ürəkaçan deyil. Vətəndaş "ictimai nəqliyyata keç" çağırışını qəbul etmir. Çünki bu keçid onun üçün işgəncə deməkdir. Avtobus marşrutları xaotik, intervallar qeyri-sabit, sıxlıq isə boğucudur. Pik saatlarda avtobusda nəfəs almaq mümkün deyil. Bəzi marşrutlar bir-birini təkrarlayır, digərləri isə həyati əraziləri əhatə etmir. Metro isə hələ də çox məhdud ərazini əhatə edir və istənilən nöqtəyə rahat çatmaq üçün kifayət etmir. Beləliklə, vətəndaşın qarşısında bir seçim qalır: şəxsi avtomobildən istifadə etmək.

Digər tərəfdən, şəhərsalma nəqliyyatla uzlaşmır. Mərkəzdə ucaldılan çoxmərtəbəli binalar, ticarət mərkəzləri və biznes obyektləri yol şəbəkəsinin tutumunu nəzərə almadan inşa olunur. Küçələr isə genişləndirilmir, alternativ yollar azdır. Hər yeni obyekt, hər yeni bina yeni avtomobillər, yeni dayanacaqlar və yeni yol yükləri deməkdir. Nəticədə problemlər tikilir, həllər yox.

Tıxacla bağlı qurumların biri susur, biri müşahidə edir, biri çəkinir. NİİM – Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi- şəhər yollarında kameralarla vəziyyəti müşahidə edir, işıqforların rejimini tənzimləyir, tıxac xəritələri hazırlayır. Lakin onun fəaliyyəti əsasən vizual nəzarət və informasiya ötürülməsi ilə məhdudlaşır. NİİM-in vəzifəsi nəqliyyat strategiyası müəyyənləşdirmək, problemin səbəbini aradan qaldırmaq deyil. O, sadəcə vəziyyəti göstərir – o qədər. Yəni tıxacın səbəblərinə deyil, simptomlarına baxır.

AYNA – Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə daha geniş səlahiyyətlərə malik olsa da, şəhərdaxili nəqliyyatda onun fəallığı müşahidə olunmur. Halbuki, avtobus parklarının tənzimlənməsi, marşrutların optimallaşdırılması, sərnişindaşıma qaydalarının tətbiqi kimi sahələrdə AYNA əsas aktor olmalıdır. Amma bu “aktor” sanki tıxacları görmür.

Tıxac hərəkət problemi deyil, nəqliyyar sahəsində koordinasiya boşluğudur. Məsələ təkcə maşınların çoxluğunda deyil. Məsələ onların necə, harada, hansı qaydayla hərəkət etdiyindədir. Yollar idarə olunmur, sadəcə mövcuddur. Küçələr planla yox, vəziyyətə uyğun idarə olunur. Qaydalar isə bəzi yerlərdə tətbiq olunur, bəzi yerlərdə isə “görünməz qalır”. Bu da vətəndaşda bir hiss yaradır: “hər şey onsuz da xaotikdir” - bu fikir artıq tıxacdan daha təhlükəlidir.

Bakı bir zamanlar küləklə tanınırdı. İndi isə tıxaclar şəhəri kimi tanınır.

Şəhər isə, təkərə düşüb!

Zeynal ABDİN,

AzNews.az