Anar Bağırovdan Rusiya mediasına cavab: “Həbs olunan bütün şəxslər vəkillə təmin olunub”

4 İyul 2025 12:49 (UTC+04:00)

Azərbaycan Respublikası hüquqi dövlətdir və ölkə qanunvericiliyinə uyğun olaraq saxlanılan bütün şəxslərə hüquqi yardımın göstərilməsi təmin olunur. Bu barədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov rəsmi açıqlama verib.

Sədr bildirib ki, son günlər Rusiya Federasiyasının bəzi KİV-lərində Azərbaycanda həbs olunan Rusiya vətəndaşlarının guya hüquqi yardımla təmin edilməməsi barədə yayılan iddialar tamamilə əsassız və yalandır.

“Tam məsuliyyətlə bildirirəm ki, saxlanılan bütün şəxslər vəkillə təmin olunublar. Onların hüquqi yardım almaq hüquqlarının pozulması ilə bağlı bu günədək Vəkillər Kollegiyasına heç bir müraciət və ya şikayət daxil olmayıb”, – deyə Anar Bağırov qeyd edib.

O vurğulayıb ki, saxlanılan şəxslərin özlərinin seçdikləri vəkillərlə müqavilə bağlamaq hüququ da tam şəkildə təmin olunub və bu prosesdə hər hansı məhdudiyyət tətbiq edilməyib.

Anar Bağırov həmçinin diqqətə çatdırıb ki, Azərbaycanda hüquqi yardıma dair bu şəffaf və qanuni yanaşmaya baxmayaraq, Rusiya vəkilləri Şıxlinskilərin döyülməsi, qorxudulması və şiddətə məruz qalması ilə bağlı məsələlər üzrə Azərbaycanın özü Rusiya tərəfinə, o cümlədən Rusiya Federal Vəkillər Palatasına və beynəlxalq təşkilatlara müraciət edib.

“Vəkillərə qarşı təzyiq və güc tətbiqi tamamilə yolverilməzdir. Təqsirkar şəxslər bu əməllərinə görə hüquqi məsuliyyətə cəlb olunmalıdırlar”, – deyə Kollegiya sədri bəyan edib.

Sonda Anar Bağırov Rusiya mediasını hadisələrə obyektiv yanaşmağa çağırıb. O, xüsusilə vəkillər Şıxlinskilərə qarşı Yekaterinburq şəhərində, Rusiya və Azərbaycan bayraqları altında həyata keçirilmiş demonstrativ terror aktına diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

“Rusiya mediasını öz ölkələrində vəkillərin hüquqi vəziyyətini işıqlandırmağa, həmkarlarına qarşı baş verən təhdid və zorakılıqlara qarşı obyektiv mövqe sərgiləməyə çağırırıq”, – deyə o bildirib.

Azərbaycan Vəkillər Kollegiyası ölkədə hüquqi yardıma dair beynəlxalq öhdəliklərə tam riayət olunduğunu bir daha bəyan edərək, istənilən halda vəkil institutunun müstəqilliyinin və toxunulmazlığının təmin ediləcəyini vurğulayıb.

AzNews.az