Xankəndi sammiti və formalaşan reallıqlar

4 İyul 2025 17:04 (UTC+04:00)

Bu gün Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO – Economic Cooperation Organization) Zirvə Görüşü yalnız iqtisadi əməkdaşlıq baxımından deyil, həm də Cənubi Qafqazın yeni geosiyasi konfiqurasiyası kontekstində mühüm tarixi hadisədir. İran, Türkiyə, Pakistan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Qazaxıstan və digər ECO üzv ölkələrinin liderlərinin və hökumət üzvlərinin Xankəndidə bir araya gəlməsi regionda yeni dövrün başlandığını göstərir. Bu hadisə post-münaqişə dövründə Azərbaycanın suverenliyinin tam bərqərar edilməsi və regional əməkdaşlığın dərinləşməsi baxımından simvolik və strateji əhəmiyyət daşıyır.

Xankəndi şəhəri- bu gün ECO kimi beynəlxalq təşkilatın zirvə görüşünə ev sahibliyi edərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam bərpa olunduğunun praktiki sübutuna çevrilmişdir. Bu hadisə, Azərbaycanın regiondakı yeni siyasi reallıqları beynəlxalq tərəfdaşlarına qəbul etdirməsinin və Xankəndini regional əməkdaşlığın mərkəzinə çevirməsinin açıq təzahürüdür.

İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildən etibarən Mərkəzi Asiya, Orta Şərq və Cənubi Qafqaz regionları arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir. Ancaq son illərdə təşkilatın fəaliyyəti təkcə iqtisadi sahələrlə məhdudlaşmır; regional sabitliyin təmin olunması, nəqliyyat dəhlizlərinin açılması, enerji təhlükəsizliyi və rəqəmsal transformasiya kimi sahələrdə də inteqrasiyanı təşviq edir. Xankəndi Zirvə Görüşü bu baxımdan ECO-nun strateji fəallığının artmasını nümayiş etdirdi.

Xankəndi görüşü aşağıdakı nyünasları ilə də yadda qaldı:

1. Türk və İslam dünyasının inteqrasiyası – Bu görüş həm Türk Dövlətləri Təşkilatı, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inteqrasiyaya xidmət edən paralel platforma rolunu oynaya bilər.
2. Ermənistanın təcridi və seçim qarşısında qalması – ECO üzvlərinin Xankəndiyə toplaşması Ermənistan üçün yeni siyasi reallıqların qəbul edilməsinin vacibliyini bir daha gündəmə gətirdi.
3. Azərbaycan - İran münasibətləri.

İran və İsrail arasında baş tutan 12 günlük müharibə zamanı, İranın bəzi dairələri, xüsusən də mühafizəkar və SEPAH-a bağlı media qurumları, bu gərginlikdən istifadə edərək Azərbaycana qarşı bir daha qarayaxma kampaniyasına start verdilər. Məhz bu kritik dönəmdə İranın yeni prezidenti Məsud Pezeşkianın Xankəndiyə səfəri bütün bu kampaniyaları təkzib edən, regionda diplomatik status-kvonun dəyişdiyini göstərən strateji addım kimi qiymətləndirilə bilər.

Pezeşkianın Xankəndiyə səfəri yalnız protokol addım kimi deyil, dərin siyasi simvolizm daşıyan və aşağıdakı mesajları verən davranış kimi qəbul edilə bilinər:

- Azərbaycanın Qarabağ üzərində suverenliyinin Pezeşkian tərəfindən açıq şəkildə tanınması
- Azərbaycan-İran münasibətlərində yeni səhifənin açılması

Bu həm də, İranın prezidenti səviyyəsində Azərbaycan - İran münasibətlərinə İsrail ilə bağlı qarayaxma kampaniyasının rədd edilməsidir. Çünki, əgər doğrudan da Pezeşkianda guya ki Azərbaycan hava məkanından kiminsə istifadə etməsi ilə bağlı şübhə olsaydı, O, belə həssas vaxtda Azərbaycana gəlməzdi.

İsrail və İran arasında baş verən hərbi toqquşmalar və sanksiyalar mühitində bəzi SEPAH yönlü media orqanları (məsələn, Kayhan, Tasnim və s.) Azərbaycanı İsrailin “casus platforması” kimi təqdim etməyə çalışır, Azərbaycanın müstəqil xarici siyasət kursunu hədəfə alırdılar. Bu kampaniyalar aşağıdakı arqumentlər üzərində qurulmuşdu:

- Azərbaycanın İsraillə hərbi-texniki əməkdaşlığı
- İranın təhlükəsizliyinə guya Azərbaycandan gələn təhdidlər
- Cənubi Azərbaycan mövzusunun manipulyasiyası

Pezeşkianın Xankəndiyə səfəri isə bu narrativləri alt-üst etdi. O, Bakıya və Ankaraya yaxınlaşma siyasətini dəstəklədiyini göstərdi.

Azərbaycan orta xəttdə inqilabi addımlar atır

Xankəndi görüşü - Türkiyə, Pakistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstanın iştirakı ilə Azərbaycan ətrafında yeni bir siyasi-iqtisadi müttəfiqlik platformasının – faktiki olaraq regional ittifaqın formalaşmaqda olduğunu nümayiş etdirir.

I. İqtisadi inteqrasiya – nəqliyyat və enerji şəbəkələrinin sinxronizasiyası

Bu ittifaq aşağıdakı sahələrdə iqtisadi inteqrasiya üçün platformaya çevrilməkdədir:

A)Zəngəzur dəhlizi – Azərbaycanın Naxçıvan və Türkiyə ilə əlaqəsi; eyni zamanda Orta Asiya ilə Avropa arasında quru yol
B) Transxəzər Nəqliyyat Marşrutu (Middle Corridor).
C) Enerji əməkdaşlığı – ölkələrin enerji infrastrukturu və bərpa olunan enerji imkanları üzərindən regional paylaşım
D)Rəqəmsal kommunikasiya – fiber-optik xətlərin çəkilməsi (Cənubi Qafqaz–Mərkəzi Asiya rabitəsi)

II. Cənubi Qafqazda təhlükəsizlik mühitinin transformasiyası

Bu yeni ittifaq həm də təhlükəsizlik baxımından ciddi dəyişikliklərə səbəb olur:

- Ermənistanın geopolitik manevr imkanları azalır, çünki regionun əsas gücləri – Azərbaycan və onun müttəfiqləri – yeni reallıqları diktə edir.
- Rusiya və İranın təsiri tənzimlənir – Azərbaycan bu güclərlə balanslı münasibət saxlayaraq yeni güc mərkəzinin formalaşmasına nail olur.
- Türkiyə və Pakistan kimi güclü hərbi-siyasi oyunçuların iştirakı regionun güc balansını dəyişir.

Bu səfər Azərbaycanın ətrafında formalaşan siyasi-iqtisadi müttəfiqlik şəbəkəsinin real gücə çevrildiyini və regionda sabitlik, iqtisadi inkişaf və nəqliyyat inteqrasiyası üçün yeni modelin yarandığını göstərir

Nəticə

Xankəndidə keçirilən ECO Zirvə Görüşü Azərbaycanın regionda artan nüfuzunun, geosiyasi təşəbbüskar rolunun və diplomatik ustalığının bariz nümunəsidir. Bu görüş təkcə iqtisadi əməkdaşlıq çərçivəsində deyil, həm də yeni dünya nizamında Cənubi Qafqazın konturlarını formalaşdıran siyasi hadisə kimi tarixə düşür. Azərbaycanın liderliyi ilə ECO-nun gələcəkdə Türk dünyası, Mərkəzi Asiya və Cənubi Asiya regionları arasında strateji körpüyə çevrilməsi ehtimalı real və getdikcə daha güclü görünür.

Zaur Məmmədov,
Bakı Politoloqlar Klubu (Mərkəzi) sədri