Tikinti şirkətinin direktor müavininə hökm oxundu

5 Sentyabr 2013 09:38 (UTC+04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində Suraxanı rayonunda fəaliyyət göstərən "Altun" istirahət mərkəzinin sahibi və "Badi-Kübə" Mənzil-tikinti kooperativinin direktor müavini Asif Əsədullazadənin məhkəməsi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Asif Əsədullazadənin işi üzrə hökm elan edilib. Hökmə əsasən Asif Əsədullazadənin zərərçəkmişlərə dəymiş ziyanı ödəməsi ilə bağlı barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Məhkəmənin hökmü ilə Asif Əsədullazadə 8 il müddətinə şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Asif Əsədullazadə "Badi-Kübə" MTK-da tikilməsi üçün nəzərdə tutulan evlərdən vətəndaşlara ev almaq təklif edib. Asif Əsədullazadə alıcılarla müqavilə də bağlayıb. Lakin bina tikməyib və ümumilikdə 29 nəfərin pulunu mənimsəyib. O, 29 vətəndaşa 31 ev satmaqla 860 min 90 manat mənimsəyib.

AzNews.az