Son günlər ard-arda həm Kaliforniyada, həm də Türkiyədə müşahidə olunan meşə yanğınları bir daha göstərdi ki, belə təbii fəlakətlər təkcə ekosistemi deyil, bütöv iqtisadi sistemi də silkələyə bilir. Kaliforniyada San Luis Obispo qraflığında yayılan və artıq 28,6 min hektardan çox ərazini əhatə edən yanğın ilin əvvəlindən bəri qeydə alınan ən böyük meşə yanğını kimi yadda qalır. Türkiyədə isə Antalyadan İzmira qədər yayılan yanğınlar bir neçə şəhərdə həyatın axarını pozdu, iki nəfərin ölümü və yüzlərlə insanın xəsarət alması ilə nəticələndi. On minlərlə insan evlərindən təxliyə olundu, yüzlərlə sosial və biznes obyektləri yanğının təsirinə məruz qaldı.
İki il əvvəl- 2023-cü ildə Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribovun verdiyi açıqlamaya görə, Azərbaycanda həmin ilə qədər dövrü əhatə edən son 5 ildə ölkə üzrə meşə fondu torpaqlarında 197 yanğın hadisəsi baş verib və 1800 hektardan çox ərazi yanıb. Təkcə 2022-ci ildə 870 hektar sahə, 2023-cü ildə isə 25 hektar sahə yanğına məruz qalıb. Yanğınların azalmasına dövlət qurumları arasında koordinasiyalı əməkdaşlıq, maarifləndirmə tədbirləri, yanğın əleyhinə zolaqların çəkilməsi, nəzarət postlarının artırılması və yağıntılı havalar təsir edib. Qəribov fermerləri və kənd sakinlərini odla ehtiyatlı davranmağa, sahələrə od vurmamağa, söndürülməmiş siqaret kötüklərini atmamağa və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırmışdı.
Aznews.az şərh edir ki, bu statistika ilk baxışda faciəvi və ekoloji fəlakət kimi görünsə də, arxa planda iqtisadi aktivliyin zəifləməsi, iş yerlərinin və gəlir mənbələrinin itirilməsi, dövlət büdcəsinə əlavə yükün yaranması kimi ciddi nəticələr də var. ABŞ-ın rəsmi qurumlarının hesabatlarına görə, təkcə 2023-cü ildə Kaliforniyada meşə yanğınlarının yaratdığı iqtisadi zərər 18 milyard dolları keçib. Eyni zamanda, kənd təsərrüfatı və ərzaq sektorunda məhsuldarlıq azalır, kənd yerlərində mövsümi işsizliyin artması müşahidə olunur. Təsadüfi deyil ki, xüsusilə Kaliforniya kimi şərabçılıq və kənd təsərrüfatı ilə tanınan regionlarda yanğınlar minlərlə insanın dolanışığına birbaşa təsir edir. Türkiyədə də vəziyyət oxşardır; xüsusilə 2021-ci ildə Manavgatda baş verən böyük yanğın turizm sektorunda təxminən 1,2 milyard dollar itki ilə nəticələnmişdi.
Turizm sektoru meşə yanğınlarından ən çox zərər görən sahələrdən biridir. Yay mövsümündə Antalyanın və digər sahilyanı regionların əsas gəlir mənbəyi məhz xarici turistlərdir. Böyük miqyaslı yanğınlar, təxliyə və risk səbəbindən hotellər boş qalır, xidmət sektorunda çalışan minlərlə insan işsiz qalır. Təkcə 2023-cü ildə Antalyada yanğınlar nəticəsində turist axınında 8 faiz azalma qeydə alınıb. Bu, təkcə turizm şirkətlərinə yox, ətraf xidmət sahələrinə də zərbə vurur, yerli bizneslərin ayaqda qalmasını çətinləşdirir.
Fəlakətlərin sosial nəticələri də diqqətəlayiqdir. Yanğınların söndürülməsi və bərpa işləri üçün ayrılan dövlət vəsaiti, həmçinin zərərçəkmişlərə verilən maddi yardımlar dövlət büdcəsinə əlavə yük gətirir. Kaliforniyada bu istiqamətdə ayrılan illik vəsait 2,5 milyard dolları ötüb. Türkiyədə də fövqəladə hallara ayrılan subsidiyalar, sosial müdafiə proqramlarında yeni çağırışlar yaradır.
Bunlarla yanaşı, ekoloji və iqlim aspektindən də iqtisadiyyata uzunmüddətli təsirlər qaçılmazdır. Meşələrin məhv olması karbon emissiyalarını artırır, nəticədə ölkələr qlobal iqlim öhdəliklərini yerinə yetirmək üçün əlavə maliyyə yükü ilə qarşılaşır. Kaliforniyada aparılan qiymətləndirmələrə görə, iqlimə dolayı təsirlər və məhsuldarlığın azalması ölkə iqtisadiyyatına illik 3-4 milyard dollar əlavə zərər vurur.
Bu reallıqlar göstərir ki, meşə yanğınlarının təsiri təkcə lokal səviyyədə hiss olunmur. Əksinə, belə hadisələr bütün regionun və hətta ölkənin iqtisadi göstəricilərinə, sosial rifaha və büdcə prioritetlərinə ciddi təsir göstərir. Praktik çıxış yolu kimi, qabaqlayıcı tədbirlərin gücləndirilməsi, müasir texnologiyalardan istifadə və ictimai maarifləndirmə proqramlarının artırılması xüsusi önəm daşıyır. Son illər bəzi ölkələrdə tətbiq olunan dron monitorinqi və ağıllı xəbərdarlıq sistemləri yanğınların erkən aşkar edilməsi və ziyanın azaldılması üçün yaxşı nümunə sayılır.
Nuray,
Aznews.az