Əli Kərimli yenə anti-milli mövqedə, yenə Rusiya orbitində!

7 İyul 2025 12:50 (UTC+04:00)

Azərbaycan və Rusiya arasında son vaxtlar daha da gərginləşən münasibətlər fonunda daxili siyasi səhnədə müəyyən dairələrin davranışları diqqətdən yayınmır. Belə məqamlarda gözləntilər, adətən, ondan ibarət olur ki, kimliyindən və siyasi çəkisindən asılı olmayaraq hər bir siyasətçi ölkənin milli maraqlarını müdafiə etməyi bacarsın. Təəssüf ki, bu ümumi milli konsensusun pozulduğu hallar da az deyil. Xüsusilə də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin son günlərdə xarici mediada yayılmış bəyanatları bu qəbildəndir.

Əli Kərimli, necə deyərlər, yenidən “dilotu yeyib” və siyasi meydanda aktivlik görüntüsü yaratmaq həvəsi ilə düşüb xarici informasiya resurslarının səhifələrinə. Onun çıxışları ya birbaşa, ya da dolayısı ilə Azərbaycanın deyil, məhz Rusiyanın maraqlarına xidmət edir. Çünki Əli Kərimli bəyanatlarında Qərbi Rusiyanın artan təzyiqləri qarşısında Azərbaycanı dəstəkləməməyə çağırır. Bu isə açıq-aşkar mövcud geosiyasi ziddiyyətlər fonunda Azərbaycanın mövqeyini zəiflətməyə yönəlmiş bir çağırışdır.

Əgər Əli Kərimli bu çıxışlarını Rusiyadakı bəzi politoloqların Azərbaycan müxalifətini dəstəkləmək çağırışlarından motivasiya alaraq edirsə, bu, onun siyasi düşüncə qabiliyyəti ilə bağlı ciddi suallar doğurur. Belə davranışı yalnız “siyasi kütlük” adlandırmaq olar. Çünki bu cür yanaşma həm daxili auditoriyaya, həm də beynəlxalq ictimai rəyə Azərbaycan müxalifətinin milli maraqlardan uzaq olduğunu göstərir. Bu isə, nə qədər təəssüf doğursa da, yeni hadisə deyil.

2013-cü ildə də oxşar ssenari yaşanmışdı. Rusiya özünün Azərbaycan siyasətində əlini gücləndirmək üçün Moskvada yaşayan bəzi azərbaycanlı oliqarxların vasitəsilə “Milli Şura” adlı süni konstruksiya yaratdı. Bu layihəyə Əli Kərimli də cəlb olundu və 1990-ci ildəki 20 yanvar qətliamı zamanı vəsiqəsi Rusiyanın "Krasnaya Zvezda" qəzetində tirajlanmış Əli Kərimli hələ də real siyasi çəkiyə malik olmayan qurumu yaşatmağa çalışır. Halbuki bu layihənin arxasında Rusiyanın bəlli dairələrinin dayanması artıq heç kim üçün sirr deyil. O da hər kəsin yadındadır ki, məhz bu qurumun nümayəndələri Rusiya prezidentinə məktub yazaraq Kremli Azərbaycanın iç işlərinə qarışmağa çağırmışdı. Əgər Əli Kərimli Rusiyanın Azərbaycana təzyiqlərini fürsətə çevirmək istəyirsə, day keçib, bu dəfə Putinə öz imzası ilə məktub yazsın... Utanmayanda oynamaq asan olur. Əli Kərimlinin isə "utanacaq" bir yeri qalmayıb, onun siyasi bioqrafiyasında “Rusiya izi”ni təmizləmək üçün Milli Şuranı buraxmaq da yetməz.

Əli Kərimlinin Qərb mediasında sərgilədiyi mövqe Azərbaycanın siyasi ənənələri kontekstində yeni deyil. Rəsulzadə və Elçibəy kimi liderlər Azərbaycanın milli suverenliyini prioritet sayaraq zaman-zaman böyük güclərlə üz-üzə gəlməkdən çəkinməyiblər. Onlar üçün prinsipiallıq, milli dövlətçilik və azadlıq ideyaları öndə olub. Əli Kərimli isə bugün tutduğu mövqe ilə özünün iddia etdiyi kimi, bu xəttin deyil, daha çox Azərbaycana rus işğalçılarını gətirən məlum fiqurlardan Əliheydər Qarayevin yolunu gedir. Əliheydər Qarayev də milli maraqlara qarşı çıxır, ölkədə olmayan sosial bazasına deyil, xarici himayədarlara, konkret olar Rusiyaya arxalanırdı.

Zaman Azərbaycanı yenidən sınayır. Əliheydər Qarayev məktəbinin müdavimləri bu cür məqamlarda xüsusi olaraq fəallaşır. Amma hər dəfə testdən keçə bilmir, milli dövlətçilik imtahanından kəsilirlər. Əli Kərimli də yenə testdən keçə bilməyənlər arasındadır.

Zeynal ABDİN,

AzNews.az