Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-da səfirin dəyişdirilməsi məsələsini sabiq prezident Donald Trampla telefon danışığı zamanı gündəmə gətirib. Bu barədə Bloomberg bazar ertəsi məlumatlı mənbəyə istinadən xəbər yayıb.
AzNews.az xəbər verir ki, mənbənin bildirdiyinə görə, cümə günü baş tutan telefon danışığında Zelenski hazırkı səfir Oksana Markarovanın əvəzlənməsi imkanını müzakirə edib. Danışıqların məxfiliyi səbəbindən adının açıqlanmasını istəməyən mənbə bildirib ki, Ukraynanın Vaşinqtondakı səfir postuna baş nazirin müavini Olqa Stefanişina, müdafiə naziri Rustem Umerov və energetika naziri German Qaluşenko da daxil olmaqla bir neçə yüksək vəzifəli məmur namizəd kimi nəzərdən keçirilir.
Həmçinin, daha əvvəl mədəniyyət və strateji kommunikasiyalar naziri Nikolay Toçitski və Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini İqor Jovkva da mümkün namizədlər siyahısında yer alıblar.
Nəşrin məlumatına görə, Prezident Zelenski Ukrayna Xarici İşlər Nazirliyinə yeni səfirin təyin edilməsini ABŞ tərəfi ilə koordinasiyalı şəkildə həyata keçirməyi tapşırıb.
Qeyd edək ki, Oksana Markarova 25 fevral 2021-ci ildən Ukraynanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiridir. Hazırda onun postdan gedəcəyi ilə bağlı rəsmi təsdiq yoxdur.
Mövsüm,
AzNews.az