Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin müəllimi, tanınmış ərəbşünas alim Aida Qasımova sosial şəbəkədə ciddi narazılıq doğuran paylaşım edib. O bildirir ki, bu il ərəb ədəbiyyatı üzrə magistratura proqramına yer ayrılmayıb. Halbuki fars və türk ədəbiyyatları üzrə magistr proqramları bu il də davam etdiriləcək.
Qasımovanın sözlərinə görə, bu qərar onun bir neçə tələbəsinin gələcək planlarını da yarımçıq qoyub:
“Bu yaxınlarda üç tələbəm mənimlə əlaqə saxlayıb sevinclə magistraturaya qəbul üçün lazımi bal topladıqlarını bildirdilər. Həm də sırf mənim təcrübəmdən faydalanmaq üçün ərəb ədəbiyyatını seçmək istəyirdilər. Amma indi məlum olur ki, ərəb ədəbiyyatı üzrə magistr proqramı artıq bağlanmaq üzrədir.”
Ərəb ədəbiyyatına bir ixtisas kimi göstərilən bu soyuq münasibəti Qasımova anlaşılmaz və ədalətsiz hesab edir. O yazır: "Fakültədən deyirlər ki, biz yer istəyirik, Dövlət İmtahan Mərkəzi vermir. Yaxşı, necə olur ki, türk ədəbiyyatına, fars ədəbiyyatına yer verirsiz, ərəb ədəbiyyatına yox?”
Aida Qasımova həmçinin xatırladır ki, artıq neçə ildir ki, ərəb ədəbiyyatı üzrə doktorantura səviyyəsində də yer ayrılmır. Onun fikrincə, bu, sıradan bir texniki məsələ deyil, ciddi akademik qərəzin göstəricisidir. “Ərəb ölkələrinin geosiyasi mövqeyi, bu ölkələrlə dostluq əlaqələrimiz, bu fənnin görkəmli alimlərin adı ilə bağlılığı unudulurmu?” – deyə alim sual edir.
Qasımovanın paylaşımı ictimai rezonansa səbəb olub. Bir çox istifadəçilər onun fikirlərini bölüşərək hesab edirlər ki, ərəb ədəbiyyatının akademik tədrisi Azərbaycanın geosiyasi maraqları və elmi balans baxımından vacib sahələrdən biridir.
Məsələ ilə bağlı hələlik Dövlət İmtahan Mərkəzindən və ya Təhsil Nazirliyindən rəsmi açıqlama verilməyib.
AzNews.az