“Rusiya–Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda Türkiyənin bu məsələyə münasibəti və mümkün vasitəçiliyi gözlənilən və təbii bir məsələ idi. Kifayət qədər əsaslar var ki, Türkiyə bu məsələnin həllində vasitəçi ölkə kimi hər iki tərəfin maraqlarını nəzərə almaqla kömək edə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan və Türkiyə münasibətləri olduqca yüksək səviyyədə inkişaf edib. Dünyada ikinci belə ölkə tapmaq çətindir ki, Ankara ilə Bakı qədər bir-birinə yaxın olsun”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan və Rusiya arasındakı gərginliklə bağlı açıqlaması Ankaranın tərəflər arasında vasitəçilik potensialına dair müsbət siqnal kimi dəyərləndirilir. Onun Prezident İlham Əliyevlə bu məsələni müzakirə etməsi regionda gərginliyin azaldılması ilə bağlı ümidləri artırır.
Siyasi şərhçi bildirib ki, bu münasibətlər yalnız dövlətlərarası deyil, eyni zamanda xalqlar arasında da strateji müttəfiqlik və qardaşlıq ruhunda inkişaf edir.
“Azərbaycanla Türkiyə arasında qarşılıqlı etimad tamdır. Bu baxımdan Türkiyənin vasitəçilik prosesində Azərbaycanın maraqlarını öz maraqları kimi nəzərə alacağına heç bir şübhə yoxdur. Eyni zamanda, Rusiya ilə Türkiyə arasındakı münasibətlər də hazırda yüksək səviyyədədir. Türkiyə NATO ölkələri arasında Rusiya ilə münasibətlərini qoruyub saxlayan nadir dövlətlərdəndir. Məhz buna görə də, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlarda vasitəçi olaraq Türkiyənin seçilməsini təklif etmişdi. Danışıqların İstanbulda aparılması da bu etimadın göstəricisidir. Hazırda da Rusiya–Ukrayna danışıqları məhz İstanbulda davam etdirilir. Bu, onu göstərir ki, Rusiya da Türkiyəyə böyük etimad bəsləyir. Hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq münasibətlər sistemində etibarlı dövlət lideri kimi tanınır. Onun xarakteri, mövqeyi və liderlik bacarığı bunu sübut edir. Təsadüfi deyil ki, Türkiyə bir çox regional və beynəlxalq münaqişələrin həllində vasitəçi dövlət kimi çıxış edir. Bu baxımdan düşünürəm ki, həm Azərbaycanla, həm də Rusiya ilə yaxşı münasibətləri olan Türkiyənin vasitəçi kimi çıxış etməsi tərəflər arasında gərginliyin azaldılması və münasibətlərin normallaşması istiqamətində mühüm addım ola bilər”.
Siyasi şərhçi əlavə edib ki, əgər Türkiyə bu məsələdə vasitəçilik missiyasını öz üzərinə götürərsə, bu, tərəflər arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyacaq:
“Yəqin ki, yaxın gələcəkdə Moskva və Bakı arasında baş verən gərginliyin aradan qaldırılması istiqamətində Rusiyanın daha real addımlarını görəcəyik. Çünki münasibətlərin gərginləşməsində əsas səbəblərdən biri Rusiyanın Azərbaycana qarşı həyata keçirdiyi qeyri-dost yanaşmalardır. Əgər Rusiya münasibətlərə qarşı daha konstruktiv və balanslı mövqe sərgiləsə, tərəflər arasında münasibətlərin yenidən istiləşməsi mümkündür”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az