“Taksini daha təhlükəsiz və keyfiyyətli xidmət sahəsinə çevirmək üçün bu cür imtahanların keçirilməsi olduqca vacibdir. Bu addım həm sərnişinlərin təhlükəsizliyini təmin etmək, həm də taksi sürücülüyünü sistemli və nəzarətli peşəyə çevirmək baxımından mühüm əhəmiyyət daşıyır. Əvvəllər taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər sadəcə qeydiyyatdan keçməklə bu sahəyə daxil ola bilirdilər”.
Bu fikirləri AzNews.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib.
Qeyd edək ki, iyulun 8-də xüsusi hazırlıq keçmiş taksi sürücüləri üçün test imtahanı keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahanda iştirak üçün 1584 nəfər qeydiyyatdan keçib. Bakı, Gəncə və Bərdə şəhərlərində təşkil olunacaq imtahan 1 saat davam edəcək və nəticələr növbəti gün DİM-in saytında açıqlanacaq.
Ekspert bildirib ki, hazırda namizədlər əvvəlcə xüsusi təlim mərhələsindən keçməli, daha sonra isə test imtahanında iştirak etməlidirlər.
“İmtahanda əsasən sadə və praktiki suallar verilir. Lakin bu, onun mahiyyətini və əhəmiyyətini azaltmır. Bu qayda sürücülərin minimal bilik və hazırlığa sahib olmalarını təmin edir. Artıq taksi fəaliyyəti təsadüfi insanların məşğul ola biləcəyi sahə deyil. Əlavə qazanc məqsədilə bu sahəyə daxil olanlar bu meyarlardan keçə bilmədikləri üçün kənarda qalacaqlar. Bu isə nəticə etibarilə xidmətin keyfiyyətini yüksəldəcək, sərnişin məmnunluğunu artıracaq və ümumi ictimai nəqliyyat mühitində daha peşəkar yanaşmanın formalaşmasına səbəb olacaq”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az