MİQ imtahanında metodika suallarının çətin olduğuna dair fikirlərə münasibət bildirilib

8 İyul 2025 15:19 (UTC+04:00)

“Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər”.

APA xəbər verir ki, bunu bu gün 161 nömrəli məktəbdə müəllimlərin işə qəbulu (MİQ) imtahanı ilə bağlı açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bildirib.

O bildirib ki, metodikaya dair tətbiqi sualların cavablandırılması nəzəri metodiki biliklərlə yanaşı pedaqoji təcrübə də tələb edir. Situasiyanı aydın dərk edənlər, pedaqoji duyumu olanlar belə sualları cavablandırmaqda çətinlik çəkmirlər.

Direktor müavini müəllimlərə və namizədlərə çağırış edərək metodiki biliklərin həm nəzəri, həm də praktiki tərəfinə daha çox diqqət ayrılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu istiqamətdə bilik və bacarıqların artırılması həm müəllimlərin peşəkarlığını yüksəldəcək, həm də təlim prosesini şagirdlər üçün maraqlı və səmərəli edəcəkdir.

AzNews.az