2023-cü ildə Azərbaycanda qeydə alınan boşanma statistikasına baxdıqda, nikahların davametmə müddətində narahatedici tendensiyalar müşahidə olunur. Ən çox narahatlıq doğuran məqam isə bu boşanmaların yarıdan çoxunun nikahın ilk on ili ərzində baş verməsidir. Belə ki, cəmi 5 il davam edən ailələrin sayı 5 814, 5-9 il arası isə 5 805 olub. Bu, o deməkdir ki, ölkədə qurulan ailələrin çoxu sosial və psixoloji baxımdan ən kövrək mərhələdən sağ çıxa bilmir. Onillik həddindən sonra da durum ürəkaçan deyil. 10-19 il birgə yaşamış 7 735 cütlük də ötən il yollarını ayırıb. Ənənəvi olaraq daha sabit sayılan, 20 ildən çox davam edən 2 334 nikahın sona çatması isə "ömürlük ailə" anlayışının artıq ciddi sarsıntı keçirdiyindən xəbər verir.
Bu rəqəmlər təsadüfi deyil və ayrı-ayrı şəxsi səbəblərdən çox, ümumi bir sosial tendensiyanı göstərir. Ailələrin dağılmasının arxasında illərlə toplanan münasibət böhranları, ailədaxili gərginliklər, psixoloji hazırlıqsızlıq və bəzən də cəmiyyətin dəyişən dəyərlər sistemi dayanır. Ən vacib səbəblərdən biri isə cütlüklərin ailəyə emosional, sosial və hüquqi məsuliyyət kimi deyil, sadəcə romantik bir mərhələ kimi yanaşmasıdır. Məhz buna görə də nikahın ilk illərində qarşılaşılan gündəlik çətinliklər, rol paylaşımı, fərqli gözləntilər və kompromis bacarığı ətrafında toqquşmalar ailənin dağılması ilə nəticələnir.
Problem ondadır ki, ailə həyatına cəmiyyətin və dövlətin yanaşması da hələ köhnə qəliblərdən tam azad ola bilməyib. Gənclərin ailəyə hazır olub-olmadığına baxılmadan, sırf yaş və stereotip təzyiqi ilə qurulan nikahlar, nə hüquqi cəhətdən, nə də psixoloji baxımdan möhkəm təməl üzərində formalaşır. Üstəlik, sosial-iqtisadi təzyiqlər – işsizlik, mənzil problemi, erkən yaşda övlad məsuliyyəti, valideyn müdaxilələri və zəif psixoloji dayanıqlılıq – cütlüklərin böhran anlarında mübarizə bacarığını zəiflədir. Bunun nəticəsi olaraq da ailələr qırılma nöqtəsinə çatdıqda dialoqdan daha çox ayrılığı seçirlər.
Ailə institutunun möhkəmləndirilməsi üçün yanaşma köklü şəkildə dəyişməlidir. Əvvəla, ailə təhsili anlayışı real siyasətə çevrilməlidir. Məktəb və universitet səviyyəsində ailə münasibətləri, məsuliyyət bölgüsü, sosial-emosional bacarıqlar, empati və kommunikasiya bacarıqları üzrə kurslar mütləq tətbiq olunmalıdır. Sadəcə bioloji və hüquqi məlumatlar deyil, münasibət mədəniyyəti formalaşdıran maarifləndirici proqramlar da hazırlanmalıdır.
Bundan əlavə, nikahdan əvvəl cütlüklər üçün qısa, amma məcburi ailə maarifləndirilməsi kursları təşkil olunmalıdır. Bu kurslarda tərəflər həm ailə hüququ, həm psixoloji uyğunlaşma, həm də valideynlik mövzularında ilkin biliklərlə tanış olmalı, evlilik qərarını daha şüurlu şəkildə verməlidirlər. Sadəcə kağız üzərində “evli” olmaq deyil, birgə həyatın mənəvi və sosial öhdəliklərini başa düşmək ailə həyatına real hazırlığın əsas şərtidir.
Sosial dəstək mexanizmləri də ailələrin davamlılığında mühüm rol oynayır. Gənc ailələrə ilk illərdə ipoteka güzəştləri, uşaq baxımı dəstəyi və məşğulluq imkanları təqdim edilməlidir. Bu dəstək yalnız maddi deyil, eyni zamanda mənəvi sabitliyin qorunmasına da kömək edər. Sosial təhlükəsizlik hissi olmayan ailələr böhran anlarında daha tez dağılır. Xüsusilə uşaq olan ailələrdə gərginlik dövründə ailəni qoruyacaq peşəkar psixoloji xidmətlərin olması son dərəcə vacibdir.
Eyni zamanda, media və pop-kültür ailə anlayışını yüngül və qeyri-ciddi formatda təqdim etmək tendensiyasına son qoymalıdır. Seriallar, sosial media kontenti və populyar diskurslar ailəni yük, evliliyi azadlığın itirilməsi kimi göstərdikcə, gənclər ailəyə dəyər vermək əvəzinə ondan uzaqlaşacaq. Medianın ailə dəyərlərini təbliğ etməsi sadəcə təbliğat məqsədi daşımamalı, reallığı, mübarizəni, harmoniyanı və birgə yaşamağın verdiyi dəyərləri obyektiv şəkildə təqdim etməlidir.
Bütün bunların fonunda boşanmanın hüquqi olaraq asanlaşdırılması bir tərəfdən müsbət irəliləyiş sayıla bilər, lakin bu asanlıq ailənin qorunması ideyasını zəiflətməməlidir. Fərdi hüquqla ictimai məsuliyyət arasındakı tarazlıq qorunmalıdır. Dövlət ailəni nə qədər şəxsi məsələ kimi qəbul etsə də, onun davamlılığı cəmiyyətin əsas dayaqlarından biri olduğu üçün bu sahədə ciddi sosial siyasət yürütmək məcburiyyətindədir.
Bəli, ailə artıq yalnız şəxsi münasibət deyil, strateji sosial instituta çevrilməlidir. Boşanma statistikaları göstərir ki, ailə anlayışının yalnız ənənə ilə deyil, həm də şüurlu seçimlə, sistemli hazırlıqla və sosial dəstək mexanizmləri ilə möhkəmləndirilməsi dövrün tələbidir. Ailə dağılırsa, cəmiyyət də təməlini itirir. Bu təməli bərkitmək isə dövlətin, medianın, təhsil sisteminin və vətəndaş cəmiyyətinin birgə məsuliyyətidir.
Zeynal ABDİN,
AzNews.az