Ermənistanda Konstitusiya dəyişikliyi sülh prosesi ilə paralel gəlirmi?

8 İyul 2025 16:44 (UTC+04:00)

“Düşünürəm ki, Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatı erməni cəmiyyətini konstitusiya dəyişikliyi ilə bağlı atılacaq addımlara hazırlamaq məqsədi daşıyır. Hazırda səsləndirilən ehtimallar arasında 2026-cı il seçkilərinə qədər, yaxud seçkilərlə paralel şəkildə Ermənistanda konstitusiya dəyişikliyi üzrə referendumun keçirilməsi məsələsi gündəmdə saxlanılır. Bu dəyişiklik baş tutarsa, əslində Azərbaycanın sülh müqaviləsi ilə bağlı irəli sürdüyü əsas şərtlərdən biri reallaşmış olacaq”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin yeni konstitusiyaya ehtiyac duyduğunu bəyan edib. O, bu təşəbbüsünü erməni xalqının öz dövlətini və həyat tərzini müəyyən etmək istəyi ilə əsaslandırıb. Paşinyanın bu təklifi fonunda Azərbaycanla aparılan danışıqların perspektivləri yenidən müzakirə mövzusuna çevrilib.

Siyasi şərhçi bildirib ki, bu kontekstdə nəzərdə tutulan konstitusiya dəyişikliyi Ermənistan tərəfindən sülh müqaviləsinin imzalanması və regional sabitliyin təmin olunması istiqamətində atıla biləcək ən mühüm addımlardan biri kimi qiymətləndirilə bilər.

“Arxa planda isə Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətləri kontekstində aparılan danışıqların son bəyanatlara əsasən kifayət qədər konstruktiv ruhda davam etdiyini demək mümkündür. Ermənistan rəsmilərinin açıqlamaları və erməni mediasında yayımlanan məlumatlar, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu istiqamətdə verdiyi mesajlar və mövcud ehtimallar onu deməyə əsas verir ki, ayın sonunda Dubayda keçirilməsi gözlənilən Azərbaycan-Ermənistan görüşü müəyyən müsbət irəliləyişlər və nəticələr vəd edə bilər. Görüşə qədər Ermənistanda müəyyən hazırlıq mərhələsinin aparıldığı da ehtimal olunur. Düzdür, bu qədər qısa müddətdə sülh müqaviləsinin imzalanacağını düşünmürəm. Lakin ən azından konstitusiyaya dəyişiklik məsələsinin gündəmə gətirilməsi və bu addımın Ermənistanın baş naziri tərəfindən labüd bir zərurət kimi təqdim edilməsi onu göstərir ki, rəsmi İrəvan nəhayət, üzərinə götürdüyü öhdəliklərin icrası istiqamətində iradə ortaya qoymağa çalışır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az