Xocalı və Ağdərəyə daha 6 min köçkün qayıdacaq - ŞƏRH

9 İyul 2025 14:53 (UTC+04:00)

2025-ci ilin köç planına əsasən, Ağdərə və Xocalı rayonlarının ümumilikdə 16 yaşayış məntəqəsində tikinti-bərpa işləri aparılır. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov Xankəndidə keçirilən diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsində məlumat verib.

Qəhrəmanov bildirib ki, növbəti mərhələdə Xocalı rayonunun Ballıca, Xanyurdu, Təzəbinə, Daşbulaq, Badara, Seyidbəyli, Xanabad və Şuşakənd kəndlərinə, eləcə də Ağdərə rayonunun Həsənriz, Vəngli, Kolatağ, Çıldıran, Heyvalı, Dəmirli, Çapar və Aşağı Oratağ kəndlərinə əhalinin köçürülməsi nəzərdə tutulur.

Bərpa işləri tamamlandıqdan sonra, könüllülük prinsipi əsasında təxminən 6 minə yaxın keçmiş məcburi köçkünün bu kəndlərə mərhələli şəkildə qayıdışı təmin ediləcək.

O əlavə edib ki, artıq Xocalı şəhəri və Ballıca kəndinə, Ağdərə rayonunun Suqovuşan, Həsənriz və Talış kəndlərinə bir qrup keçmiş məcburi köçkünün qayıdışı həyata keçirilib. Hazırda gələcək illəri əhatə edən yeni köç planlarının hazırlanması istiqamətində də işlər davam etdirilir.

Ağdərə və Xocalı rayonlarının 16 kəndində aparılan genişmiqyaslı tikinti və bərpa işləri Qarabağın tamhüquqlu dirçəlişi prosesində yeni mərhələnin başlanğıcını simvolizə edir. 2025-ci il üçün nəzərdə tutulan köç planı çərçivəsində təqribən 6 minə yaxın keçmiş məcburi köçkünün könüllü şəkildə ata-baba yurdlarına qayıtması təkcə məskunlaşma aktı deyil, milli yaddaşın fiziki məkanda bərpasıdır.

Xocalının Ballıca, Xanyurdu, Təzəbinə, Şuşakənd və digər kəndlərindən, Ağdərənin isə Heyvalı, Kolatağ, Aşağı Oratağ kimi kəndlərindən bir vaxtlar qoparılan insanlar indi infrastrukturla yanaşı, ümidlərini də yenidən qururlar. Dövlətin bu prosesə yanaşması - könüllülük prinsipinin qorunması, planlı və mərhələli strategiyanın tətbiqi, tikinti ilə yanaşı sosial reabilitasiyanın da nəzərə alınması – müasir postmünaqişə idarəçiliyinin uğurlu nümunəsi sayılmalıdır.

Qeyd edilməlidir ki, artıq bir sıra kəndlərə - Xocalı şəhəri, Ballıca və Suqovuşan da daxil olmaqla – həyat geri dönüb. Bu faktlar təkcə statistik hesabat kimi yox, Qarabağda yeni həyatın başladığını təsdiqləyən real göstəricilərdir. Köç planlarının şəffaf şəkildə tərtib olunması və diplomatik auditoriyada təqdim edilməsi isə bu prosesi həm yerli, həm də beynəlxalq səviyyədə legitimləşdirir.

Eyni zamanda unutmaq olmaz ki, işğal nəticəsində bu kəndlər təkcə boşaldılmamış, həm də talan edilmişdi. Heyvalı kəndi ətrafında yerləşən Qızılbulaq mis-qızıl yatağı işğal dövründə Base Metals adlı xarici şirkət tərəfindən qeyri-qanuni şəkildə istismar olunub. Təkcə bu yataqda 10 il ərzində 3 milyon tondan artıq resurs çıxarılıb və ətraf ərazilərdə 4 milyona yaxın tailinq tullantısı yığılıb. Bu faktlar təkcə ekoloji yox, hüquqi məsuliyyət doğuran cinayət xarakterli fəaliyyətlərdir. Qarabağ sakinlərinin öz yurdlarına qayıdışı həm də bu ədalətsizliyin tarixi cavabıdır – yalnız evlərin deyil, həm də torpağın, suyun, ekosistemin bərpasıdır.

Bugünkü şərtlər göstərir ki, Qarabağda həyatın bərpası yalnız torpağa deyil, ruhun qayıdışına yönəlib. Bu isə yalnız siyasi qərarla deyil, milli həmrəylik və strateji planlama ilə mümkün olur. Gələcəkdə daha çox kəndin qayıdış xəritəsinə düşməsi, qayıdanların isə sadəcə sakin yox, cəmiyyətin fəal üzvünə çevrilməsi üçün bu möhkəm təməl olduqca vacibdir. Ekoloji reabilitasiya, sosial inteqrasiya və hüquqi mübarizə birlikdə aparıldıqda Qarabağda dirçəliş təkcə fiziki deyil, həm də mənəvi bir qələbə kimi tarixə düşəcək.

Zeynal ABDİN,

AzNews.az