Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin əməkdaşı, Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının laboratoriya müdiri Şəfa Əlizadə vəfat edib.
Məlumatı universitetin mətbuat xidmətindən AzNews.az-a təsdiqləyiblər.
Şəfa Əlizadə 1986-cı il sentyabrın 9-da Salyan rayonunda anadan olub. 1993–2004-cü illərdə Salyan şəhər 2 saylı orta məktəbdə təhsil alıb. Ali təhsilini Bakı Dövlət Universitetində alaraq, 2009-cu ildə Biologiya fakültəsinin bakalavr, 2011-ci ildə isə magistratura pilləsini bitirib.
2011-ci ildə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun doktoranturasına qəbul olunub və 2017-ci ildə “Muğan düzü torpaqlarının ekoloji qiymətləndirilməsi və monitorinqi” mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Əmək fəaliyyətinə 2012-ci ildə AMEA-da başlayan Şəfa Əlizadə 2015-ci ildən etibarən BDU-nun müvafiq kafedrasında laboratoriya müdiri vəzifəsində çalışırdı. Onun elmi maraq sahəsinə torpaqşünaslıq və torpaq ekologiyası məsələləri daxil idi.
Bakı Dövlət Universitetinin rəhbərliyi və kollektivi Şəfa Əlizadənin vaxtsız vəfatından dərin kədərlə xəbər tutur, mərhumun ailəsinə və yaxınlarına başsağlığı verir.
Allah rəhmət eləsin!
AzNews.az