Azərbaycanda maşın monopoliyası

5 Sentyabr 2013 11:41 (UTC+04:00)
Avtomobil sahibi olmaq hər kəsin arzusudur. Bir qədər ehtiyat pulun varsa, stabil əməkhaqqı alırsansa, bunu nağd və ya kredit yolu ilə reallaşdırmaq tam Azərbaycan reallığıdır. Sadəcə, bir vacib məqam var, o da aldanmamaqdır.

Çünki ölkədə biznesin bu sektorunda fəaliyyət göstərənlərin müəyyənləşdirdikləri tariflər, şərtlər ağıl edilə bilməyəcək qədər fantastikdir. Və bunun avtomobillərə görə aksiz, əlavə dəyər vergisi, eləcə də idxal rüsumu ilə heç bir əlaqəsi yoxdur. Sahənin işbazları bazarda o qədər oturuşüblar ki, daxili istehsalın mövcud olduğu Türkiyə, Rusiya kimi ölkələrdən də baha qiymətlər təklif etməyə çəkinmirlər. Başlayaq, ölkənin ən böyük avtomobil distribütorlarından biri olan "Nurgun Motors"dan.

Dünyada ucuz, bizdə baha olan "Nissan"

Bu gün "Nurgun Group" "Nissan", "Ford", "Renault", "İnfiniti" markalı avtomobillərin satışı və servis xidmətlərini təşkil edir. Hər bir vətəndaş avtomobilin dəyərini nağd və ya anutet ödəmək şərti ilə "Nurgun Motors"un müştərisi ola bilər. Lakin burada şirkətin avtomobillərinin kreditlə satışı bir tərəfə, nağd qiymətləri də bahadır. Məsələn, götürək "Nissan Juke"ni. Rusiyada bu avtomobillərin dəyəri manatla ifadədə 14 min 360 manatdan başladığı halda Azərbaycanda ilkin qiymət 18 min 900 manatdır. Almaniyada eyni marka 15 450 avrodan start götürür. "Nissan Micra"nın isə satış dəyəri bu ölkədə 10 840,00 avrodan (11 221 AZN), Azərbaycanda 12 500 manatdan başlayır. Daxili istehsalı olduğu üçün idxal avtomobillərə yüksək vergi şərtləri qoyan Türkiyədə də "Nissan" markasına aid avtomobil növləri Azərbaycanla müqayisədə ucuzdur. Bizim kimi yerli istehsalın olmadığı qonşu Gürcüstanda isə danışmağa heç dəyməz. Çünki fərq 2 dəfəyə qədər gedib çıxır.

Dəbdən düşmüş modellər

Digər tərəfdən "Nissan"nın istər Türkiyə, istər Rusiya və başqa ölkələrdəki rəsmi distribütorlarının internet ünvanlarında avtomobillərin başlanğıc və son qiymətləri göstərilsə də, nissan.az saytında bunların heç biri yoxdur. Bundan əlavə, xarici ölkələrdə əsasən "Micra", "Note", "Juke", "Qashqai", "Qashqai+2", "X-Trail" modellərinə rast gəlmək olur. "Nissan Tida, "Nissan Sentra", "Nissan Sunny", "Nissan Altima", "Nissan Maxima"modellərinin satışı distribütorlar üçün tarixin arxivi hesab olunur.

Azərbaycanda isə sözügedən modellər hələ də "Nurgun Motors"un siması sayılmaqda davam edir.

Saytda bir qiymət, salonda başqa qiymət

Qeyd etdiyimiz kimi, "Nissan"ın modellərinə daxil olan "Maxima", "Altima", "Sunny", "Tida", "Micra", "Juke" nağd satışdan əlavə, kreditlə də təklif olunur. Avtomobilin alınması üçün kredit proqramı "NBC bank" ("NBC Bank" ASC "Nurgun Group"a daxildir) tərəfindən dəstəklənir. "Nurgün" Şirkətlər Qrupundan iddia edilir ki, "NBC bank" "Nissan" avtomobilləri üçün ən yaxşı kredit şərtlərini təklif edir. Hansı ki, bura kreditin asan əldə olunması, qısa müddət ərzində ərizələrin nəzərdən keçirilməsi və uyğun kredit faizləri daxildir. Əslində mənzərə tamamilə fərqlidir. Reklam kampaniyalarında kreditlərin illik bank faizlərinin 16, ilkin ödənişin 15 faiz olduğu göstərilsə də, alıcının bu şərtlərlə maşın sahibi olmaq arzusu "Nissan"ın salonuna ayaq basdığı saatda puç olur. Elə şərtlər irəli sürülür ki, avtomobil satışı qiymətindən azı 4 min manat, bazar dəyərindən isə 2 dəfə baha başa gəlir. Yəni konkret olaraq prosesdə "sualtı daşlar" (bəzi gizli "tələlər") az deyil. Necə? "Nissan"ın internet ünvanında "Micra"nın kreditlə satışı üçün bank və sığorta xərcləri daxil, ilkin ödəniş 15 00 , "Juke" 2300, X-Trail 4 900, "Qashqai" 2900, "Sunny" 1950 AZN göstərilib. İlkin ödəniş faizi, aylıq ödəmə, faizlər, digər xərclər haqqında isə heç bir məlumat verilməyib. Bu vəzifə kredit kalkulyatorunun üzərinə qoyulub. Amma bu kalkulyator da görünür, məqsədli şəkildə işlək vəziyyətə gətirilməyib. Yəni sistem elə formalaşdırılıb ki, müştəri kreditin illik faiz dərəcəsi, ilkin ödəniş faizi, sığorta xərcləri ilə bağlı məlumat almaq üçün mütləq "Nurgun Motors"un avtosalonuna getməlidir. Burada isə məsləhətçilərin müştəriləri tanış etdikləri qiymətlər tamamilə fərqlidir. Dəyəri 13 990 manat olan "Sunny" N17 Base 4 AT-nı 1 illik kreditə almaq üçün cəmi ilkin ödəniş 1950 manat, yekun ödəniş (nomrə+icbari) 2370 manatdır. Cəmi ilkin ödənişə 1 333,12 manat ilkin ödəniş, 253 manat bank xərci, 363,74 manat sığorta daxildir. 1 illik kreditdə aylıq anutet ödəmə 1 148 manatdır. Yekun itirilən məbləğ 1740,43 manat, ay ərzində itirilən məbləğ 145,04 manat təşkil edir. Beləliklə, 13 990. 00 manatlıq "Sunny" N17 Base 4 AT alıcıya kreditlə 15 730.43 manata başa gəlmiş olur. Eyni avtomobili 18 aylıq kreditlə əldə etdikdə dəyəri 15 090,00 manatdan başlayaraq 16, 496,31 manata (itirilmiş məbləğ 2 506,31 manat), 24 aylıq kreditlə 17 142,01 manata (itirilmiş məbləğ 3 152,01 manat), 36 aylıq 18 547,39 manata (itirilmiş məbləğ 4 557,39 manat), 48 aylıq 19 984, 56 manata (itirilmiş məbləğ 5 994,56 manat), 60 aylıq 21 907,77 manata (itirilmiş məbləğ 7 917,77 manat) gəlib çıxır. Krediti bu qədər bahalı edənsə, elə "Nurgün Group"un digər biznes qurumlarının şərtləridir. Gəlin diqqət edək.

1 illik kreditdə sığorta 2,60, bank xərci 2,0, illik bank faizi 16, ilkin ödəniş 15 faizdir. 18 aylıq kredit xətti üzrə sığorta 4, bank xərci 2, illik bank faizi 16, ilkin ödəniş 15 faizdir. 24 aylıq kredit xətti üzrə sığorta 4, 5, bank xərci 2, illik bank faizi 16 faizdir. 36 aylıq kredit xətti üzrə sığorta 5,80, bank xərci 2, illik bank faizi 16 faizdir. 48 aylıq kredit xətti üzrə sığorta 6,3, bank xərci 2, illik bank faizi 17, ilkin ödəniş 18 faizdir. 60 aylıq kredit xətti üzrə sığorta 7,10, bank xərci 2, illik bank faizi 18, ilkin ödəniş 18 faizdir. "Juke" avtomobili ilə bağlı da kredit şərtləri aldadıcıdır. Saytdakı ilkin ödənişlə, məsləhətçinin dilindən çıxan rəqəm arasında 475 manat fərq var. Yəni ilkin ödəniş saytda qeyd edildiyi kimi, 2300 yox, 2775 manatdır. Diqqətlə nəzər yetirsək, görərik ki, şirkət illik bank faizini artırmasa da, sığorta faizlərini artırmaqla faizləri 25-ə çatdırır. Avtomobilin sığortaçısı kimi isə "Nurgun Group"a daxil olan "Rəvan Sığorta Şirkəti" Açıq Səhmdar Cəmiyyəti çıxış edir. Yəni "Nurgun Group" istəsə, sığorta faizlərində güzəşt edə bilər. Sadəcə, monopolist kimi öz mənfəətini və daha çox qazanmaq məqsədini güdür. Bank kimi sığorta şirkətinin seçilməsində də alıcıya başqa variantlar buraxmır. Açıq şəkildə bəyan edir ki, kredit bankın qeyd etdiyi sığorta şirkəti tərəfindən sığortalanmalıdır.

Qazanc 7 000 manata qədər artır

Yuxarıda qeyd etdiyimiz kimi, "Nurgun Motors" "İnfiniti", "Renault" avtomobil brendlərinin Azərbaycandakı rəsmi distrübyutorudur. Bütün dünyada "İnfiniti" modeli ucuzlaşdığı halda, bizim ölkədə hələ də baha qiymətə satılır. Eləcə də hazırda Avropada satışları düşən "Ford"u, "Renault"u misal çəkmək olar. "Ford"un rəsmi saytında bəzi modellərinin "-C-Max", "Ford Galaxy"nin qiymətləri açıqlanmasa da, qiymətləri göstərilən modellərdə bu fərq fantastikdir. "Ford Fiesta" 15 539, "Mustang" 44 900, Yeni "Focus", "Kuga" 25 900 manat, "Explorer" 45 900 manata təklif edilir. Təkcə "Ford Fiesta"nın yeni modellərinin Türkiyə bazarında qiyməti 13 663 manat, Avropa bazarında isə 9,795 avrodur. "Ford Mondeo" Türkiyədə 22 904 manat, Azərbaycanda isə "Nurgun Motors" eyni modeli 25 900 manata satır. Nəzərə alsaq ki, daşınma xərcləri istehsalçının özü tərəfindən ödənilir, bir markada "Nurgun Motors" 5000 manat irəli düşür. Hələ bu salondakı nağd qiymətdir. Kreditlə satışı nəzərə aldıqda qazanc 7 000 manata qədər artır.

Hindistan maşınları

Məlumat üçün qeyd edək ki, "Nissan" yapon avtomobil markasıdır. Avtomobil növü 1933-cü ildə Yaponiyanın Yokohoma şəhərində yaradılıb. 1934-ci ildə Nissan Motor Co. Ltd. adlandırılmağa başlanılıb. Hazırda beş qitənin 20-dən artıq ölkəsində şirkətin zavodları var. "Nurgün" Şirkətlər Qrupu avtomobilləri hansı zavoddan aldığını gizli saxlamağa çalışır. Araşdırmalarımız göstərir ki, ölkəyə gətirilən Nissan avtomobillərinin detalları Hindistanda yığılır. Nəzərə alsaq ki, Hindistan azad iqtisadi zonaları olan ölkələr sırasına daxildir, "Nurgun Motors" xarici ticarətdə bir sıra güzəştlərdən (ixrac-idxal rüsumlarının azaldılması və ya ləğvi, xarici ticarət əməliyyatlarının sadələşdirilməsi) bəhrələnməmiş deyil. Bu prizmadan yanaşdıqda da məlum olur ki, "Nissan" avtomobilləri Azərbaycan alıcısına bazar qiymətləri ilə deyil, monopolistin müəyyənləşdirdiyi tariflərlə təqdim edilir. Məsələnin bir başqa tərəfi də avtomobillərin keyfiyyəti ilə bağlıdır. "Nurgün Motors"dan bildirilir ki, salondan alınan hər bir avtomobilə 5 il müddətinə və ya 155 000 km zəmanət verilir.Təkcə bir faktı qeyd edək ki, Bakı-Qazax yolunun 51-ci kilometrliyində həlak olan jurnalist Şahin Ağabəylinin qəzaya uğradığı maşın "Nissan Tida"idi. 90-XJ-524 dövlət nömrə nişanlı "Nissan Tida"nın təhlükəsizlik yastıqları açılmamışdı. Sürücünün idarəetməsindən çıxıb 50 metr məsafə uzağa düşsə də, yastıqlar qapalı vəziyyətdə qalmışdı...(Publika.az)