Azərbaycan Dəmir Yolları QSC ilə Çinin “Xi’an Free Trade Port Construction and Operation Co., Ltd.” şirkəti arasında imzalanan Anlaşma Memorandumu iki ölkə arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın strateji miqyasda gücləndirildiyini göstərir. Bu sazişin təkcə bir sənəd deyil, Orta Dəhliz boyunca yükdaşımaların səmərəliliyini artıracaq real nəticələr doğuracaq uzunmüddətli əməkdaşlıq platformasına çevriləcəyi gözlənilir.
Aznews.az şərh edir ki, Sian Limanında ADY nümayəndəsinin təyin edilməsi və illik 20 min TEU yükaşırma gücünə malik konteyner meydançasının açılması Azərbaycanın dəmir yolu imkanlarının Çin bazarına birbaşa inteqrasiyasını təmin edir. Bu təşəbbüs həm də ölkənin tranzit potensialının artırılmasına, yük axınlarının sürət və effektivliyinin yüksəldilməsinə yönəlib. Burada diqqətəlayiq məqam odur ki, ADY nümayəndələrinin Sian Limanının əməliyyat sisteminə real vaxt rejimində giriş imkanına malik olması operativ qərarların qəbuluna şərait yaradacaq. Bu isə yükdaşımaların koordinasiyalı və rəqabətqabiliyyətli şəkildə həyata keçirilməsinə mühüm dəstəkdir.
Görüşlər zamanı Prezident İlham Əliyevin Çinə səfərinin və bu çərçivədə imzalanan sənədlərin əməkdaşlığa verdiyi impuls da vurğulanıb. Bu kontekstdə Çinlə əlaqələrin “Kəmər və Yol Təşəbbüsü” çərçivəsində konkret logistik infrastruktur və xidmət səviyyəsində genişlənməsi Azərbaycan üçün təkcə nəqliyyat deyil, həm də geoiqtisadi baxımdan önəmli fürsətlər açır.
Tərəflərin razılaşdığı əsas istiqamətlərə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə konteyner qatarlarının təşkili, Bakı–Tbilisi–Qars xətti vasitəsilə Avropaya çıxış imkanlarının genişləndirilməsi, rəqəmsal yüklərin real vaxt izlənməsi və məlumatların elektron paylaşımı kimi texnoloji həllərin tətbiqi daxildir. Bu isə həm rəqabətə davamlılıq, həm də informasiya bazasında şəffaflıq baxımından regionda logistik üstünlüklər yaratmaq potensialı daşıyır.
Son aylar ərzində həm Çindən Azərbaycana, həm də əks istiqamətdə yola salınan blok-qatarların sayının artması bu əməkdaşlığın artıq praktik mərhələyə keçdiyini təsdiqləyir. Sian-Bakı xəttinin 11 günə qət edilməsi, konteyner axınının sabitliyi və ayda iki blok-qatar səviyyəsində artan ritm yerli sahibkarlar üçün Çin bazarına daha qısa və sabit yol açır.
Azərbaycanla Çin arasında dəmir yolu sahəsində yeni səviyyəyə qalxan bu əməkdaşlıq Orta Dəhlizin qlobal ticarətdə etibarlı və rəqabətli alternativə çevrilməsi baxımından mühüm strateji addım kimi qiymətləndirilməlidir.
Nuray,
Aznews.az