Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanun dəyişikliyi ilə Azərbaycanda bələdiyyələrin idarəetmə sistemində əsaslı texnoloji transformasiyanın əsası qoyulur. Milli Məclisin iyunun 24-də qəbul etdiyi və bələdiyyələrlə bağlı bir sıra normativ hüquqi aktlarda edilən dəyişikliklər nəticəsində ölkədə bələdiyyələrin vahid informasiya sisteminin yaradılması nəzərdə tutulur. Bu sistemin tətbiqi yalnız texniki yenilik deyil, eyni zamanda bələdiyyə idarəçiliyində şəffaflıq, hesabatlılıq və səmərəliliyin artırılması baxımından strateji əhəmiyyət daşıyır.
Aznews.az şərh edir ki, yeni informasiya sisteminin dövlət informasiya sistemi statusu alması və müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənməsi, onun hüquqi və texniki əsaslarının möhkəm qurulacağını göstərir. Məlumatların bu sistem vasitəsilə əldə olunması və paylaşılması dövlət-bələdiyyə münasibətlərində rəqəmsal sinxronluq yaratmaqla, qərarların daha sürətli və dəqiq verilməsini təmin edə bilər.
Ən vacib məsələlərdən biri isə maliyyə mexanizminin dəqiqləşdirilməsidir. Vahid sistemin yaradılması, saxlanması və arxivləşdirilməsi ilə bağlı xərclərin yerli büdcədən qarşılanması bələdiyyələrin məsuliyyətini artırır və idarəetməyə yanaşmada daha rasional və planlı olmağı tələb edir. Bu isə, gələcəkdə bələdiyyələrin büdcə strukturunun optimallaşdırılması və resursların effektiv bölüşdürülməsi baxımından müsbət nəticələr vəd edir.
Diqqət çəkən digər yeniliklərdən biri də vergi ödəyicilərinə tədiyə bildirişlərinin 2027-ci ilədək həm elektron, həm də kağız formada təqdim olunmasıdır. Bu keçid dövrü vətəndaşların texnoloji adaptasiyasına imkan yaratmaqla yanaşı, gələcəkdə tam rəqəmsallaşmaya hazırlıq mərhələsi kimi dəyərləndirilə bilər. Eyni zamanda bu model vergi intizamının gücləndirilməsi və yerli gəlirlərin yığım səviyyəsinin artırılması baxımından da effektiv mexanizm olacaq.
Sözügedən qanun dəyişiklikləri yalnız texnoloji yenilənmə deyil, həm də lokal idarəetmə strukturunun modernizasiyası, bələdiyyə-vətəndaş əlaqələrinin gücləndirilməsi və yerli demokratiyanın inkişafı üçün önəmli bir mərhələ kimi qiymətləndirilə bilər. Azərbaycanın rəqəmsal dövlət modelinə keçidində bələdiyyələrin bu prosesə inteqrasiyası bütövlükdə ölkənin institusional inkişafına töhfə verəcək.
Nuray,
Aznews.az