“Rusiya-Ukrayna müharibəsi ilə yanaşı İsrail və İran arasında baş vermiş 12 günlük müharibə ABŞ-ın xarici siyasətinin yenidən nəzərdən keçirilməsini zəruri edib. Bunun nəticəsi olaraq, həm Rusiyaya, həm də İrana qarşı yeni sanksiyalar paketi tətbiq olunmağa başlanıb. Bu məhdudlaşdırıcı tədbirlər hər iki ölkənin enerji resurslarının dünya bazarına çıxışına əngəl yaratmaq, onların iqtisadi sabitliyini və valyuta əldə etmə imkanlarını zəiflətmək məqsədi daşıyır. Eyni zamanda, ABŞ bəyan edir ki, əgər hər hansı ölkə və ya şirkət Rusiya və İrana dəstək verirsə, bu zaman həmin tərəflər də “arzuolunmaz subyekt” kimi xüsusi nəzarətə götürülür və onlara qarşı əlavə tədbirlər görülür”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi İranla bağlı fəaliyyətlərinə görə Çin, Türkiyə və BƏƏ-dəki 22 şirkətə sanksiya tətbiq edib. Şirkətlərin SEPAH-a bağlı quruma İran neftinin satışında yardım etdiyi bildirilir. Məqsəd Tehranın gəlir mənbələrini məhdudlaşdırmaqdır. Oxşar vəziyyət Rusiyayla da bağlıdır. Ermənistanın bu ölkəyə gizli iqtisadi dəstək verdiyi iddiaları Qərbin sanksiyalarının effektivliyini sual altına alır.
Siyasi şərhçi qeyd edib ki, bu kontekstdə Ermənistan da həmin ölkələr sırasında yer alır.
“Rəsmi İrəvanın Rusiyanın işğalçılıq siyasətinə açıq və dolayısı dəstək verdiyi, bu proseslərdən isə milyardlarla vəsait qazandığı bildirilir. Xüsusilə qeyd olunmalıdır ki, paralel ixrac mexanizmləri vasitəsilə Ermənistan Rusiyanın qiymətli metal və daşlarının dünya bazarına çıxarılmasında iştirak edir. Digər tərəfdən, Rusiyanın müdafiə sənayesinə aid yüksək texnologiyaların ötürülməsində də Ermənistan vasitəçi rolunu oynayır. Bu isə olduqca təhlükəli tendensiyadır və beynəlxalq sanksiyaların effektivliyinə ciddi zərbə vurur. ABŞ tərəfindən tətbiq edilən sanksiyalardan yayınma yolları da bu proseslərdə ifşa olunur. Təəssüf ki, erməni lobbisinin bu mexanizmlərdə iştirak etdiyi və Ermənistanı sanksiyalardan qorumağa çalışdığı da görünür. Belə hallarda qeyri-qanuni yollarla, xüsusilə qaçaqmalçılıq və başqa cinayətkar iqtisadi fəaliyyətlərlə bağlı tədbirlərin daha da sərtləşdirilməsi zəruridir”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az