Rusiya ilə Ukrayna arasında müharibə davam etdiyi üçün atəşkəslə bağlı hələlik heç bir irəliləyiş yoxdur.
ABŞ prezidenti Donald Tramp bu yaxınlarda Ukraynaya daha çox silah göndəriləcəyini açıqlamışdı.
Ukrayna prezidenti Volodimir Zelenski Romada İtaliyanın ev sahibliyi etdiyi Ukraynanın Yenidənqurulması Konfransı çərçivəsində “İstəyənlər Koalisiyası” toplantısında çıxış edib.
Zelenski qeyd edib ki, görüşdə Rusiyanın Ukraynaya qarşı davam edən hücumlarının qarşısının alınması kimi məsələləri müzakirə ediblər.
Ukraynanın hava hücumundan müdafiə qabiliyyətinin gücləndirilməsini də müzakirə etdiklərini bildirən Zelenski, Almaniya və Norveçin Ukrayna üçün ABŞ-dən ümumilikdə 3 Patriot hava hücumundan müdafiə sistemi almağa hazır olduqlarını bildirib.
Bu yaxınlarda ABŞ prezidenti Donald Trampla müsbət və məhsuldar telefon danışığı apardığını bildirən Zelenski, "Prezident Trampla Patriot sistemləri ilə bağlı müsbət dialoqumuz var " dedi.
O, Trampla konstruktiv və müsbət görüşdən sonra yardımın bərpası üçün lazımi siyasi siqnalların alındığını və komandaların hər şeyin vaxtında Ukraynaya çatdırılması üçün çalışdıqlarını vurğulayıb.
"Bizim və müttəfiqlərimizin kəşfiyyat məlumatlarına görə, Rusiya bu müharibəni uzatmağa davam edəcək. Putin real atəşkəsə nail olmaq üçün bütün imkanları rədd edir. O, əsl sülh istəmir", - deyə Zelenski bildirib.
Zelenski sanksiyalar vasitəsilə Rusiyaya təzyiqin artırılmasının vacibliyini təkrar edərək, "Ukraynanın müdafiəsi kifayət qədər güclü olmalıdır. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar da həqiqətən təsirli olmalıdır ", - deyə qeyd edib.
Mövsüm,
AzNews.az