ABŞ-də keçirilən yeni bir ictimai rəy sorğusu, iş adamı və milyarder Elon Maskın quracağını açıqladığı “Amerika Partiyası”nın, prezident Donald Tramp ilə yaşadığı gərginlik fonunda xüsusilə Respublikaçılar arasında əhəmiyyətli dəstək topladığını ortaya qoyub.
"Newsweek" jurnalının xəbərinə görə, Maskın yeni siyasi partiyasına yönələn bu dəstək, 2026-cı ildə keçiriləcək ara seçkilərdə Respublikaçı namizədlər üçün ciddi narahatlıq yaradacaq bir faktor ola bilər.
Ən yüksək dəstək Respublikaçı kişilərdən gəlir
“Quantus Insight” tədqiqat şirkətinin 20 iyun–2 iyul tarixləri arasında keçirdiyi və ilk dəfə Miami Herald tərəfindən yayımlanan sorğunun nəticələrinə əsasən, ABŞ seçicilərinin 40 faizi Elon Maskın partiyasının namizədlərini dəstəkləyə biləcəyini bildirib. Xüsusilə Respublikaçı kişilər arasında bu rəqəm 57 faizə çatır.
Respublikaçı qadınların 43 faizi də “Amerika Partiyası”na müsbət yanaşdıqlarını ifadə ediblər. Demokrat kişilər arasında bu göstərici 22 faiz, qadınlar arasında isə 21 faiz olub.
Ümumilikdə respondentlərin 14 faizi Maskın namizədlərini "böyük ehtimalla", 26 faizi isə "ehtimalla" dəstəkləyəcəyini qeyd edib. Müstəqil kişi seçicilər arasında dəstək 47 faizə çatdığı halda, Demokrat kişilər arasında bu göstərici 22 faizlə məhdudlaşıb.
“Tramp uzaq durmağa çalışsa da, tərəfdarları Maskı dəstəkləyir”
Sorğu nəticələri göstərir ki, Respublikaçı və müstəqil qadın seçicilər partiya mövqelərini dəyişməyə Demokrat qadınlardan daha çox meyillidirlər.
Viskonsin-Madison Universitetindən siyasi elmlər üzrə professor Barri Burden Newsweek-ə açıqlamasında bildirib ki, Maskın yaratdığı partiyanın Demokratlardan çox Respublikaçı elektoratı özünə çəkməsi mümkündür.
Professor Burden deyib: “Tramp artıq Maskla arasına məsafə qoymağa çalışır, lakin Maskın dövlət xərcləri, texnologiya və ticarətə dair mövqeləri MAGA (Amerikanı Yenidən Böyük Et) tərəfdarlarını özünə çəkə bilər”.
Mövsüm,
AzNews.az