30 iyun 2025-ci ildə ölkənin aparıcı kütləvi informasiya vasitələrində Mədəniyyət Nazirliyinin rəsmi məlumatı yayılmışdı. Məlumatda deyilirdi ki, nazir Adil Kərimli Lerikdə vətəndaşları qəbul edəcək və qəbul iyulun 11-i saat 10:00-da Lerik rayon Mədəniyyət Mərkəzində baş tutacaq. Həmin elanda Lənkəran şəhəri, Lerik, Astara, Masallı, Yardımlı, Cəlilabad rayonlarından olan vətəndaşlara nazirin qəbuluna düşmək üçün iyulun 7-dək vaxt verilmişdi.
Bu gün 11 iyuldur. Yenə KİV-də yayımlanan məlumatlara görə, Mədəniyyət naziri Adil Kərimli iyulun 11-də Lerik şəhərində vətəndaşları qəbul edib. Bu barədə saat 14:58-də "Report" İnformasiya Agentliyinin Mədəniyyət Nazirliyinə istinadən yaydığı xəbərə görə, qəbulda Mədəniyyət naziri vətəndaşlar tərəfindən qaldırılan bütün məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.
Mədəniyyət naziri Lerikdə vətəndaşları qəbul edir. Rəsmi məlumata görə, qəbul 11:00-da başlamalı idi.
Amma bu gün mediada başqa bir məlumat da yayılıb. "Report" İA tərəfindən 15:48-də yayılan həmin informasiyaya görə, bu gün Mədəniyyət naziri Adil Kərimli bir sıra ali məktəbin rektoru ilə görüş keçirib.
Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova iştirak ediblər.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov saat 13:08-də öz Facebook səhifəsində sözügedən tədbir barədə məlumat yayıb və foto paylaşıb.
Mədəniyyət naziri bu gün saat 13:08-dən öncə ali məktəb rektorları ilə görüşüb.
İndi vaxtı və yolu hesablamağa çalışaq. Bu gün saat 11-də hörmətli Mədəniyyət nazirimiz Lerikdə vətəndaşları qəbul edib və vətəndaşları dinləməyə təxminən 2 saat vaxt sərf edib. Beləliklə, nazirin qəbulu təxminən saat 13:00-da yekunlaşıb. Lerikdən Bakıya məsafə 294 kilometrdir. Bu məsafəni normal şərtlərdə avtomobillə 3 saat 30 dəqiqə ərzində qət etmək mümkündür. Deməli, saat 13:08-də Mədəniyyət naziri heç bir halda Bakıda ola və rektorlarla görüşə bilməzdi. Əgər bu radələrdə nazir Bakıda olub və rektorlarla görüşübsə, deməli, saat 11:00-da Lerikdə olmayıb!
Bakı-Lerik avtomobil marşrutu
Bu vəziyyətdə yalnız üç ehtimal qalır:
1. Lerikdə keçirilən qəbul əslində iyulun 11-də yox, daha əvvəl baş tutub. O zaman başqa sual ortaya çıxır: Axı Mədəniyyət Nazirliyi qəbul barədə elanda vətəndaşlara ayın 11-də vaxt ayıracağını bildirmişdi, nazirilik ayın 11-də qəbula gəlmək istəyən vətəndaşları necə və hansı qrafiklə toplayıb? Deməli, formal bir görüş olub.
2. Mədəniyyət Nazirliyi çox yeni və özündən başqa heç kimdə olmayan nəqliyyat vasitələrindən- məsələn, "uçan boşqab"lardan istifadə edir.
3. Mədəniyyət Nazirliyinin ictimai əlaqələri sistemsiz, məsuliyyətsiz və kommunikasiya etikasına uyğun olmayan şəkildə qurulub.
Bunun üzərində xüsusi dayanaq.
Çünki ortaya çıxan faktdan da aydın görünür ki, Nazirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsi burada həm cəmiyyəti, həm medianı, həm də özünü yanlış yönləndirir. Bu isə qətiyyən peşəkar yanaşma deyil. Belə hallarda əsas problem təkcə bir tədbirin keçirilib-keçirilməməsi ilə bağlı olmur, məsələ Mədəniyyət Nazirliyinin timsalında dövlət qurumuna ictimai etimada gedib çıxır.
Bəli, Adil Kərimli əvvəlki Mədəniyyət nazirindən fərqli olaraq, media tərəfindən kəskin tənqid obyektinə çevrilməyib. O, daha çox alicənab insan və mədəniyyət sahəsində islahat niyyəti ilə tanınıb. Lakin belə "xırda" görünən, amma məzmun etibarilə ciddi ziddiyyətlər onun bu günə qədər qazandığı reputasiyanı zədələyə bilər. Cənab nazir unutmamalıdır ki, başçılıq etdiyi nazirliyin reputasiyasını peşəkar kommunikasiya ilə qoruya bilər.
Əgər bir nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsi adi bir tədbirin tarixini və formatını doğru şəkildə təqdim edə bilmirsə, bu zaman o qurumun cəmiyyətlə ünsiyyət keyfiyyəti sual altına düşür. Media ilə işləmək sadəcə press-reliz yaymaq deyil, bu, etibarlı, məsuliyyətli və dürüst informasiya axınını təmin etməkdir. Demək ki, Mədəniyyət Nazirliyi mətbuatla münasibətlərinə yenidən baxmalı və kommunikasiya strategiyasını ciddi şəkildə yeniləməlidir. İstənilən cəmiyyətin bir nazirin rəsmi fəaliyyətindən xəbər tutmaq haqqı var, amma bu xəbərlər doğru və reallığa uyğun olmalıdır.
Zeynal ABDİN,
AzNews.az