Səhiyyə Nazirliyindən xəbərdarlıq

5 Sentyabr 2013 13:43 (UTC+04:00)
Səhiyyə Nazirliyi İranda tüğyan edən vəba xəstəliyinin Azərbaycana keçmə ehtimalına aydınlıq gətirib. Nazirliyin Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov Lent.az-ın sorğusuna cavabında deyib ki, vəba xəstəliyi aşkar olunduğu yerdə sürətlə yayıla bilər: "Azərbaycan vətəndaşları əgər vəba xəstəliyi yayılan ərazilərə gedib-gəlirlərsə, onlar da həmin xəstəliyə yoluxa bilərlər".

Direktor müavininin sözlərinə görə, Azərbaycanda vəba ocağı olmasa da, vaxtı ilə ölkəmizdə də bu cür xəstəlik qeydə alınıb: "Hər il mayın 1-dən noyabrın 1-dək, həftədə bir dəfə olmaqla bütün açıq su mənbələrində və eyni zamanda, insanların məişətdə istifadə etdiyi suların mənbəyində müayinələr aparılır. Yəni Azərbaycan ərazisində 112 nöqtədə müayinələr həyata keçirilir. Xaricdən ölkəmizə gələn şəxslər isə xəstəliklərlə bağlı gömrük-keçid məntəqələrində sorğudan keçir".

Ş. Qurbanov deyib ki, son 30 ilin təcrübəsi göstərir ki, vəba əsasən su vasitəsi ilə yayılır. İçməli su problemi olan ölkələrdə insanlar bu xəstəliyə yoluxa bilirlər. Vəbaya tutulan şəxsin orqanizmi xeyli miqdarda maye itirir.

Qeyd edək ki, İranın şərqində vəba xəstəliyi tüğyan edir. Hazırda 64 nəfər vəbaya yoluxub. Vəba xəstəliyi Əfqanıstandan ölkə ərazisinə daxil olub və əsasən də İrana qeyri-qanuni mühacirət etmiş şəxslər arasında yayılıb. Hələlik heç bir İran vətəndaşı bu xəstəliyə yoluxmayıb.

Vəba epidemiyası İranın iki vilayətində - Sistan və Bəlucistan və Kirmanda nəzərə çarpır.

AzNews.az