Sahib Alıyev qeyd edib ki, belə bir reallıq ortada ola-ola Rusiya Jurnalistlər İttifaqının "Sputnik Azərbaycan" agentliyinin bağlanmasını və orada jurnalist adı altında qanunsuz fəaliyyət göstərən iki xüsusi xidmət əməkdaşının həbsini söz azadlığına qəsd kimi qiymətləndirməsi, bununla bağlı beynəlxalq qurumlara çağırış etməsi adekvatlıqdan tam uzaq bir addımdır: “Ancaq çox təəssüf ki, biz son vaxtlar qonşu dövlətin bir çox strukturlarının da eyni davranışını görürük və ona görə də buna artıq elə də təəccüblənmirik. Bununla yanaşı onu da qeyd etməyi lazım bilirəm ki, əgər beynəlxalq qurumlar, xüsusən də insan haqları üzrə ixtisaslaşanlar son zamanlar Rusiyada qafqazlılara və Mərkəzi Asiyadan olanlara yanaşmada yol verilən ayrı-seçkiliyə, qətllə nəticələnən vəhşi davranışlara adekvat reaksiya versə idilər, bəlkə də ayıblarına kor olub Rusiya Jurnalistlər İttifaqı belə bir çağırış etməzdi”.
Deputat hesab edir ki, əgər Rusiya Jurnalistlər İttifaqını doğrudan da jurnalistlərinin taleyi narahat edirsə, onda azərbaycanlı Orxan Camal da daxil olmaqla onlarla qələm adamlarının qətlinə, Ukraynaya qarşı təcavüz başladılandan üzü bəri bununla razılaşmayan yüzlərlə jurnalistin isə həbsinə, ölkədən didərgin salınmalarına münasibət bildirməlidir: ‘Həmən qurumun jurnalist kimi təqdim etdiyi İqor Kartavıx və Yevgeni Belousova gəldikdə, onların sadəcə, sosial şəbəkədəki akkauntlarına baxmaq yetər ki, jurnalistikaya heç bir dəxilləri olmadığı üzə çıxsın. O da üzə çıxsın ki, Rusiya MDB-yə üzv olan dövlətlərdə casusluqla məşğul olmamaq haqqında üzərinə götürdüyü öhdəliyə də əməl etmir”.
AzNews.az