DİM-in IV qrup paradoksu: Abituriyentin seçim azadlığına müdaxilə

14 İyul 2025 14:16 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi "qəbul imtahanlarının nəticələrinin elmi-statistik təhlilinə dair" tədbirdə ilginc bir fikir səslənib. Mərkəzin İdarə Heyətinin sədri Məleykə Abbaszadə qeyd edib ki, IV ixtisas qrupuna yönələn abituriyentlərin əksəriyyəti təkcə tibb sahəsini seçməyə üstünlük verir. O bildirdi ki, bu tendensiya balanssızlıq yaradır və istərdik ki, həmin abituriyentlər ekologiya, baytarlıq və qida texnologiyaları kimi sahələrə də maraq göstərsinlər. İlk baxışda müsbət niyyət kimi görünən bu çağırışın arxasında əslində sistemli bir ziddiyyət və qəribəlik gizlənir: niyə abituriyentin seçimində problem axtarılır, halbuki problemin kökü bu ixtisas sahələrinin cəmiyyət və əmək bazarındakı yerindədir ?!.

Əgər IV qrupun abituriyenti yalnız tibb ixtisasını seçirsə, bu, onun seçimindəki tənbəllikdən yox, rasional davranışından xəbər verir. Azərbaycanda tibb ixtisası prestijli sayılır, nisbətən yüksək maaş, sabit iş imkanı və sosial status vəd edir. Eyni qrupa daxil olan ekologiya və baytarlıq kimi sahələr isə işsizlik riski, aşağı əməkhaqqı və gələcək qeyri-müəyyənliyi ilə assosiasiya olunur. Belə olan halda, gəncin öz gələcəyini təminatlı sahədə axtarması nəinki başa düşüləndir, hətta təqdir olunası davranışdır. Anormal olan budur ki, abituriyentin bu qərarı problem kimi göstərilir, lakin bu qərarın yaranmasına səbəb olan reallıqlar – yəni əmək bazarındakı təkliflər, dövlət dəstəyi, sahə üzrə inkişaf strategiyaları – heç müzakirə obyektinə çevrilmir.

Əslində IV qrupun mahiyyətcə tibbə yönəlik olması da sistemin məhsuludur. DİM özü bu qrupda biologiya və kimya biliklərini əsas götürür, nəticədə bu bilik bazası yalnız tibbdə daha dolğun şəkildə istifadə olunur. Belə bir sistemdə tələbəni baytarlıq və ya qida mühəndisliyinə yönləndirmək yalnız çağırışla mümkün deyil. Bu ixtisasların prestiji, maddi dəyəri, iş imkanları, həmçinin orta məktəbdə onlara dair peşə yönümlü maarifləndirmə yoxdur. Nə məktəb bu sahələri tanıdır, nə də universitet sonrası mühit onu cəlbedici edir. Belə olan halda, tələbənin seçim azadlığına ideoloji təsir göstərmək əvəzinə, dövlət siyasəti bu sahələri real cazibə mərkəzinə çevirməlidir.

Daha mühüm məsələ isə buradadır: abituriyentin davranışı cəmiyyətdəki struktur gerçəkliklərə cavabdır. Təhsil alan gənc nəyi harada və necə oxuyacağını yaxşı bilir. O, öz gələcəyi üçün doğru hesab etdiyi sahəni seçir. Tibb ixtisası ona nəinki sabit maaş, eyni zamanda sosial tanınma və ailəsinin gözündə etibar qazandırır. Ekologiya mühəndisi və ya baytar isə əksər hallarda dövlət sektorunda aşağı maaşlı bir vəzifəyə təyin olunur və öz sahəsi üzrə irəliləmək üçün geniş imkanlara malik olmur. İstər özəl sektorun, istərsə də dövlət qurumlarının bu sahələrə yanaşmasında ciddi axsamalar var. Gənclərin “yalnız tibb”ə meyil etməsi isə bu boşluğu dürüst şəkildə əks etdirir.

Əmək bazarı ilə ali təhsil ixtisasları arasındakı əlaqə Azərbaycanda demək olar ki, formal səviyyədədir. Universitetlər öz məzunlarını hansı sektora hazırladıqlarına görə yox, nə qədər tələbə qəbul etdiklərinə görə qiymətləndirilirlər. Bu isə o deməkdir ki, ekoloji ixtisaslar, qida sənayesi ilə bağlı mühəndislik sahələri kağız üzərində mövcuddur, lakin real iş imkanları və praktiki tətbiqi sahələri çox məhduddur. Heç kim könüllü olaraq gələcəyini “dolu, amma mənasız auditoriyalarda”, sonra isə işsiz gözləntilərlə keçirmək istəmir. Belə olan halda DİM-in və Təhsil Nazirliyinin işi yalnız abituriyenti istiqamətləndirmək deyil, həmin istiqamətlərə real və inandırıcı gələcək qazandırmaq olmalıdır.

Burada başqa bir ziddiyyət də ortaya çıxır: dövlət öz imtahan sistemi ilə abituriyenti müəyyən istiqamətə hazırlayır, amma həmin istiqamətdəki sahələr real həyatda ya zəif inkişaf edib, ya da heç cəlbedici deyil. Tutaq ki, IV qrupa aid testlər əsasən biologiya və kimyadan ibarətdir. Bu o deməkdir ki, bu qrupa gələn abituriyent əsasən canlı orqanizmlərlə işləməyə hazırlaşır. Amma eyni zamanda ona deyilir ki, “sən təkcə həkim olma, gedib baytar ol”. Halbuki onun aldığı bilik və ona tətbiq edilən ölçü sistemi – yəni test strukturu – bu istiqamətə uyğunlaşdırılmayıb. Beləliklə, həm proqram, həm də nəticəyə yönəlmiş gözləntilər ziddiyyət təşkil edir.

Təəssüf ki, bu çağırışda bir başqa təhlükəli yanaşma da gizlidir: tələbənin seçim azadlığına psixoloji təsir göstərmək. Əgər dövlət və ya rəsmi qurumlar gənclərin müəyyən sahəyə yönəlməsini istəyirsə, bu, yalnız çağırışlarla deyil, real sosial və iqtisadi mexanizmlərlə həyata keçirilməlidir. Məsələn, ekologiya mühəndisləri üçün yüksək maaşlı dövlət sifarişli layihələr, qida texnologiyaları sahəsində ixtisaslı kadrlar üçün startap dəstəkləri, baytarlar üçün kənd təsərrüfatı sahəsində prioritet iş yerləri yaradılmalıdır. O zaman bu sahələrdə oxumaq istəyənlərin sayı artacaq. Amma əgər bu sahələr cəmiyyətdə ikinci və ya üçüncü dərəcəli sayılırsa, burada oxumağa təşviq yalnız rəsmi çıxışlarla deyil, həm də siyasət səviyyəsində real dəyişikliklərlə həyata keçirilməlidir.

Sonda məsələ yalnız bir ixtisas qrupuna və ya abituriyentlərin seçiminə aid deyil. Bu, Azərbaycanın təhsil sistemində dəyər verdiyimiz ixtisasların, dəstək verdiyimiz sahələrin və gələcək üçün planlaşdırdığımız inkişaf modelinin göstəricisidir. Əgər biz gəncləri təkcə tibbə yox, digər sahələrə də yönəltmək istəyiriksə, həmin sahələrdə həyat və karyera qurmağın mümkünlüyünü əvvəlcə sübut etməliyik. Əks halda, hər il eyni çağırışı təkrar edib, eyni cavabları almağa davam edəcəyik. Gənc isə seçəcək – öz gələcəyini, öz təhlükəsizliyini və öz məntiqini. Və bu seçimin məsuliyyəti heç vaxt yalnız onun üzərində olmayacaq.

Zeynal ABDİN,

AzNews.az