Milli Şuranın keçirəcəyi mitinqlərin sayı bəlli oldu – Açıqlama

5 Sentyabr 2013 15:01 (UTC+04:00)
Milli Şura prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat müddətinin sonuncu gününə qədər 3 kütləvi mitinq keçirməyi planlayır.

Bu barədə AzNews.az-a Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, Milli Şuranın Mitinq Komitəsinin rəhbəri Asəf Quliyev məlumat verib.

O bildirib ki, hazırda Milli Şuranın əsas işi qurumun vahid namizədi Cəmil Həsənlinin imzalarının toplanması işinin yekunlaşdırılması və imzaların Mərkəzi Seçki Komissiyasına təhvil verilməsi olduğu üçün, mitinq məsələləri ikinci plana düşüb. Onun sözlərinə görə, C.Həsənlinin imzaları MSK-ya təqdim edildikdən sonra Milli Şura rəhbərliyi namizədinin Seçki Qərargahı ilə birlikdə mitinq məsələsini müzakirəyə çıxaracaq və növbəti mitinqin tarixi müəyyənləşdiriləcək.

A.Quliyev onu da qeyd edib ki, növbəti həftə təbliğat müddətində mitinqlərin hansı tarixdə keçiriləcəyi tam dəqiqləşdiriləcək: "Seçkilərə qədər 2 və ya 3 mitinq keçiriləcək. Böyük ehtimalla, 3 mitinq olacaq. Mitinqlərin hansı tarixdə və günlərdə olacağı dəqiqləşdirilməyib. Ola bilsin ki, iş günlərindən birinə də mitinq təyin edilsin".

Anar
AzNews.az