Azərbaycanda 2025-ci ilin ilk altı ayında heyvan dişləməsi hallarında artım müşahidə olunub. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanovanın verdiyi məlumata görə, bu dövrdə ölkə üzrə ümumilikdə 22 min 406 nəfərdə heyvan dişləməsi qeydə alınıb. Diqqətçəkən məqam odur ki, bu hadisələrin təxminən yarısı - 11 min 313 nəfəri məlum heyvanların, 9 min 215 nəfəri isə sahibsiz və naməlum heyvanların hücumu nəticəsində baş verib. Dişləmələrin əksəriyyəti məhz itlər və pişiklər tərəfindən törədilib. Mütəxəssislərin fikrincə, it və pişiklərdən gələn təhlükə az görünsə də, quduzluq riski baxımından hər bir dişləmə potensial təhlükə daşıyır.
Əhalinin sevindirici hal kimi qarşılayacağı xəbər isə budur ki, bu qədər dişləmə hadisəsi baş versə də, insanlar arasında quduzluq diaqnozu ilə təsdiqlənmiş heç bir yoluxma faktı qeydə alınmayıb. Bu da göstərir ki, son illərdə bu sahədə aparılan profilaktik tədbirlər, xüsusən də antirabik vaksinasiya proqramlarının effektivliyi kifayət qədər yüksəkdir. Bununla belə, GEM rəsmiləri xəbərdarlıq edir ki, vəhşi heyvanlarla - xüsusən canavar və tülkü ilə təmasda quduzluq riski qat-qat yüksək olur və belə hallarda daha ciddi nəzarət tələb olunur.
Dişləmə, cırmaqlanma və ya tüpürcəklənmə kimi hallarda əhalinin davranışı həyati əhəmiyyət daşıyır. İlk növbədə, zədələnmiş nahiyə mütləq şəkildə maksimum axar su altında və mümkün qədər 72%-lik sabunla yuyulmalıdır. Bu, virusun dəridən orqanizmə keçmə ehtimalını minimuma endirir. Əgər antiseptik vasitələr – məsələn, spirt və ya yod varsa, həmin nahiyəyə tətbiq olunması ilkin müdaxilə üçün faydalı olar. Amma bu tədbirlər sadəcə həkiməqədər ilkin yardım kimi dəyərləndirilməli və şəxs dərhal tibb müəssisəsinə müraciət etməlidir. Orada mütəxəssis tərəfindən xüsusi müalicə kursu təyin edilir və xəstəyə antirabik vaksinasiyanın cədvəli üzrə (0, 3, 7-ci günlərdə və qeyri-şərtli hallarda əlavə olaraq 14 və 28-ci günlərdə) iynələr vurulur. Hər bir dişləmə hadisəsi qeydə alınaraq aidiyyəti üzrə GEM-ə və eyni zamanda baytarlıq idarələrinə bildirilir ki, həmin heyvan müşahidəyə götürülsün.
Bu cür halların qarşısını almaq üçün isə təkcə tibbi tədbirlər kifayət deyil. Heyvan dişləmələrinin çoxu sahibsiz və nəzarətsiz heyvanlar tərəfindən törədildiyindən, bu sahədə müvafiq dövlət və bələdiyyə orqanları tərəfindən sistemli tədbirlər görülməlidir. Sahibsiz heyvanların artmasının qarşısının alınması, onların sterilizasiyası və sağlamlaşdırılaraq sığınacaqlarda saxlanması həm insan, həm də heyvan rifahı baxımından mühüm əhəmiyyət daşıyır. Yerli icra hakimiyyətləri bu işə nəzarəti gücləndirməli, şəhər və kəndlərdə it və pişiklərin peyvəndlənməsi, identifikasiya olunması və icazəli şəkildə saxlanması ilə bağlı ciddi tədbirlər görməlidir.
Eyni zamanda əhalinin bu sahədə maarifləndirilməsi də həlledici rol oynayır. Əksər hallarda insanlar dişləmə hadisəsini az əhəmiyyətli hesab edir, həkimə müraciəti ləngidir və ya ümumiyyətlə, lazım bilmirlər. Halbuki, quduzluq kimi infeksiyalar ilkin mərhələdə heç bir simptom vermədən irəliləyə bilər və son mərhələdə həyatla birbaşa təhdid yaradır. Ona görə də maarifləndirmə kampaniyaları xüsusilə risk qrupunda olan - uşaqlar, yaşlı insanlar və kənd əhalisi arasında intensiv aparılmalıdır. Təhsil müəssisələrində şagirdlərə heyvanlarla təhlükəsiz davranış qaydaları, kənd yerlərində isə fermerlərə və maldarlara baytarlıq tədbirləri haqqında məlumatlar verilməlidir.
Eyni zamanda televiziya, radio, sosial media və açıq hava reklamları vasitəsilə vətəndaşların məlumatlandırılması, ilkin yardım qaydalarının və təmas zamanı görülməli tədbirlərin sadə dildə izahı böyük fayda verə bilər. Bəzi ölkələrdə tətbiq edilən mobil tətbiqlər və elektron xəbərdarlıq sistemləri ilə riskli ərazilərdə yaşayan insanlar tez və operativ məlumatlarla təmin olunur. Azərbaycanda da bu tip texnoloji yeniliklərdən istifadə maarifləndirmənin effektivliyini artırar.
Nəticə olaraq, heyvan dişləmələri ilə bağlı halların çoxalması narahatedici bir tendensiya olsa da, hələlik quduzluq kimi ölümcül nəticələrə yol açmaması aparılan tədbirlərin müsbət nəticəsi kimi dəyərləndirilə bilər. Lakin bu mübarizə təkcə tibb sektorunun deyil, ekoloji, baytarlıq və ictimai maarifləndirmə sahələrinin də ortaq məsuliyyətidir. Dişləmə hallarının qarşısını almaq, təhlükələri vaxtında aşkar etmək və insan həyatını qorumaq üçün birgə və davamlı səylər labüddür.
Pərvanə,
AzNews.az