“Rəsmi Bakı indiyədək Azərbaycanın İbrahim Sazişlərinə qoşulmaq niyyətində olduğu barədə açıq bəyanat verməyib. Eyni zamanda bu prosesdən imtina etdiyini də bildirməyib. Yəni, Rəsmi Bakı hələlik mövzuya münasibət bildirməməyə üstünlük verir – nə təsdiq edir, nə də inkar. Bu isə Azərbaycanın olduqca ehtiyatlı və düşünülmüş xarici siyasət yürütdüyünü göstərir. Rəsmi Bakı situasiyanı izləyir, hadisələrin inkişafını diqqətlə təhlil edir və baş verən proseslərin ölkə üçün hansı səviyyədə faydalı və ya zərərli ola biləcəyini müəyyənləşdirir. Böyük ehtimalla yekunda Azərbaycanın milli maraqlarına uyğun ən doğru qərar qəbul ediləcək”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd Mayk Uolts Azərbaycanın “İbrahim Sazişləri”nə qoşulmasının Yaxın Şərqdə geosiyasi vəziyyəti dəyişdirə biləcəyini bildirib. O, Bakının Vaşinqton, Təl-Əviv və İrəvanla münasibətləri normallaşdırmaq cəhdlərinin bölgədə yeni diplomatik mərhələyə yol aça biləcəyini vurğulayıb. Azərbaycanın “İbrahim Sazişləri”nə qoşulması məsələsi daha əvvəl də gündəmə gəlmişdi. Xüsusilə İsrailin bu ideyanı dəstəklədiyi və Bakı-Vaşinqton münasibətlərinin möhkəmləndirilməsi istiqamətində addımlar atıldığı bildirilirdi. Ümumilikdə, Azərbaycanın bu prosesə qoşulmasının regionda güc balansına və tərəfdaşlıqlara ciddi təsir göstərə biləcəyi qeyd olunur.
Siyasi şərhçi bildirib ki, ABŞ, İsrail və Ermənistan arasında münasibətlərin normallaşdırılması kifayət qədər mürəkkəb və həssas bir prosesdir.
“Son illərdə Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında da müəyyən gərginliklər mövcud idi. Bu gərginliyin əsas səbəbi Bayden administrasiyasının birtərəfli, qərəzli yanaşması idi. ABŞ-ın hazırkı rəhbərliyi Cənubi Qafqaz siyasətində açıq şəkildə Ermənistanın mövqelərini gücləndirməyə çalışırdı ki, bu da Azərbaycanla münasibətlərin soyumasına gətirib çıxarmışdı. Lakin Bayden administrasiyasının hakimiyyətdən getməsi və onu əvəzləyəcək Tramp administrasiyasının Cənubi Qafqaz siyasətinə fərqli yanaşması Azərbaycanın xeyrinə olan yeni perspektivlər və imkanlar açır. Hazırda Azərbaycanla ABŞ arasında münasibətlər sürətlə istiləşir, yeni əməkdaşlıq mərhələsinə qədəm qoyulur ki, bu da region üçün müsbət dinamika deməkdir. Digər tərəfdən, İsrailin Azərbaycanla münasibətləri nə qədər yaxşıdırsa, Ermənistanla münasibətləri bir o qədər zəifdir. Bu iki ölkə arasında ciddi siyasi fikir ayrılıqları və qarşılıqlı inamsızlıq hökm sürür. Buna baxmayaraq, İsrail Azərbaycanın İbrahim Sazişlərinə qoşulmasında maraqlı olduğunu gizlətmir. ABŞ da bu prosesin paralel şəkildə – həm Azərbaycan, həm Ermənistan üçün eyni vaxtda baş verməsini dəstəkləyir”.
Siyasi şərhçi əlavə edib ki, Vaşinqtonda hesab olunur ki, əgər həm Azərbaycan, həm də Ermənistan eyni vaxtda İbrahim Sazişlərinə qoşularsa, iki ölkə arasında hərbi qarşıdurma ehtimalı aradan qalxar və Cənubi Qafqazda uzunmüddətli sülhə zəmin yaranar:
“Eyni zamanda, bu proses Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarını zəiflədə, onun regiondan mərhələli şəkildə sıxışdırılmasına gətirib çıxara bilər. Bundan başqa, Ermənistanın da İbrahim Sazişlərinə qoşulması İsraillə münasibətlərin normallaşmasına və yaxınlaşmasına təkan verə bilər. Bu isə daha geniş geosiyasi balansın yaranmasına səbəb olacaq. Beləliklə, Cənubi Qafqazda çoxşaxəli və mürəkkəb diplomatik proseslər başlayıb. Bu proseslərin nəticəsi kimi regionda sabitlik və sülhün bərqərar olması mümkün görünür”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az