“Dövlət İmtahan Mərkəzinin hər ay ictimai müzakirələr keçirmək təşəbbüsü ilk baxışdan təqdirəlayiq və sistemin açıq idarəçiliyə keçidi baxımından mühüm addım kimi dəyərləndirilə bilər. İllərdir təhsil sistemində qərarların qapalı dairədə verilməsi, ictimai rəyin nəzərə alınmaması və nəticələrin yalnız statistika üzərindən təqdim olunması ciddi narazılıq doğururdu. Bu təşəbbüs, əgər real tətbiq edilərsə, şəffaflıq, hesabatlılıq və ictimai etimadın bərpası üçün əhəmiyyətli platformaya çevrilə bilər. Lakin bunun üçün müzakirələr simvolik deyil, funksional və çoxsəsli formatda təşkil olunmalıdır. Hazırda Azərbaycanda qəbul imtahanları, sertifikasiya, buraxılış qiymətləndirilməsi və digər qiymətləndirmə mexanizmləri ilə bağlı yüzlərlə sual və narahatlıq mövcuddur”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Qeyd edək ki, DİM sentyabrdan başlayaraq hər ay ictimaiyyətin maraqlandığı mövzular üzrə açıq müzakirələr keçirəcək. Məleykə Abbaszadə bildirib ki, bu təşəbbüs islahatlara elmi-statistik təhlillər əsasında ictimai dəstəyin gücləndirilməsi məqsədi daşıyır.
Təhsil eksperti qeyd edib ki, əsas problemlərdən biri də DİM-in çox vaxt yalnız statistik nəticələri açıqlaması, lakin bu nəticələrin səbəbləri, təhsil sisteminə təsiri və mümkün alternativ modellər barədə dərin təhlil aparmamasıdır.
“Elmi-statistik təhlillər yalnız rəqəmlərdən ibarət olanda, onların sosial, psixoloji və pedaqoji təsirləri unudulur. Bu isə təhlilləri mexaniki və məhdud edir. İctimai müzakirələrin məqsədi yalnız nəticə deyil, həm də səbəb, səbəbdən çıxan nəticə və nəticədən qaynaqlanan düzəliş təklifləri olmalıdır. Təəssüf ki, bu vaxta qədər DİM-in əsas auditoriyası ekspertlər, tədqiqatçılar və jurnalistlərlə məhdudlaşıb. Halbuki qərarlardan birbaşa təsirlənənlər – müəllimlər, valideynlər, şagirdlər və regionlardakı təhsil icmaları – prosesdən tamamilə kənarda qalıb. Bu yeni təşəbbüs əgər yalnız ekspert bazası və elmi cəhətdən “tanınmış” şəxslərlə məhdudlaşacaqsa, bu zaman o, yenidən dairəvi diskussiyaya çevriləcək və real dəyişiklik yaratmaq gücündə olmayacaq. Müzakirələrə müxtəlif sosial təbəqədən valideynlər, müxtəlif regionlardan müəllimlər, imtahan təcrübəsi keçmiş şagirdlər və hətta gənc təhsil fəalları da cəlb edilməlidir. Çünki sistem yalnız statistikadan deyil, insan hekayələrindən ibarətdir. Dünya təcrübəsi göstərir ki, təhsildə effektiv qərarların verilməsi üçün yalnız “mərkəzdə” deyil, “sahədə” olanların səsi eşidilməlidir. Məsələn, Estoniya və Finlandiyada təhsil siyasəti formalaşarkən ictimai sorğular, fokus qruplar və “təcrübə paylaşımlı dinləmələr” vasitəsilə hər kəsin fikri toplanır. Bu isə qərarların daha realist və qəbul edilə bilən olmasını təmin edir. Azərbaycanda isə qərarlar çox zaman statistik baza üzərində qurulur və insan faktorunun sosial-emosional aspekti nəzərə alınmır. Elm və Təhsil Nazirliyi bu prosesdə passiv və müşahidəçi rolunu oynamaqdadır. Nazirlik ictimai rəyin toplanması, iştirakçılıq mühiti yaratmaq, ictimai dinləmələrin nəticələrini hesabatlaşdırmaq istiqamətində heç bir təşəbbüs göstərmir”.
Təhsil eksperti əlavə edib ki, təəssüf ki, nə Təhsil Nazirliyinin, nə də DİM-in ictimai iştirakla bağlı konkret fəaliyyət planı, aydın marşrutu və ya davamlı mexanizmi mövcud deyil:
“Halbuki belə ictimai müzakirələr, əgər planlı şəkildə qurulsa, yalnız DİM deyil, ümumilikdə təhsil siyasəti üçün legitimlik və effektivlik baxımından vacib platforma ola bilərdi. Əgər bu təşəbbüs real və sistemli şəkildə tətbiq olunacaqsa, aşağıdakı dəyişikliklər baş verə bilər: ictimaiyyət qərarlara daha çox sahiblənəcək, təhsil sistemində sosial etimad artacaq, regionlarla mərkəz arasında informasiya uçurumu azalacaq, qərarlar daha realist və kontekstual olacaq, tənqid və təkliflər formal yoldan çıxaraq çevik sistemə çevriləcək. Əks halda isə bu təşəbbüs sadəcə bir “PR aləti” və ictimai rəyin sakitləşdirilməsi vasitəsi kimi qalacaq. DİM bu müzakirələri sadəcə özünü haqlı çıxarmaq üçün deyil, qərarların doğru olub-olmadığını yoxlamaq üçün təşkil etməlidir. Əgər bu baş verərsə, ilk dəfə olaraq imtahan mərkəzi öz qərarlarının ictimai legitimliyini rəsmi şəkildə ölçmüş olacaq. Əks halda, ictimai müzakirə deyil, ictimai monoloq yaranacaq. Və bu, təhsilin gələcəyi üçün daha təhlükəli olacaq”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az