Avropa Komissiyasının yaydığı açıqlamada qeyd olunub ki, Avropa Ədalət Məhkəməsi 2021-ci il sentyabrın 2-də verdiyi qərarla Aİ üzvü olan ölkə ilə başqa bir üzv ölkədən olan investor arasında yaranan mübahisələrin Enerji Xartiyası Müqaviləsinə əsasən həll olunmasına qarşı mövqe bildirmişdi.
Açıqlamada bildirilir ki, Macarıstan bu qərara əməl etməyib və Komissiya bu ölkəni Avropa Ədalət Məhkəməsinin qərarına və Aİ qanunvericiliyinə zidd hərəkət etdiyi üçün məhkəməyə verib.
Avropa Komissiyası və 26 üzv ölkə 2024-cü ilin iyun ayında imzaladıqları birgə bəyanatda, Aİ-yə üzv ölkə ilə digər üzv ölkədən olan investor arasında yaranan mübahisələrin Enerji Xartiyası Müqaviləsinə əsasən həll edilə bilməyəcəyini təsdiqləyən Avropa Ədalət Məhkəməsinin qərarını qəbul etmişdi.
Macarıstan isə bu qərarın yalnız "gələcəkdəki mübahisələrin həlli" üçün keçərli olduğunu və yalnız Enerji Xartiyası Müqaviləsində dəyişiklik edildiyi halda tətbiq olunacağını iddia etmişdi.
1994-cü il dekabrın 17-də Portuqaliyanın paytaxtı Lissabonda Rusiya da daxil olmaqla təxminən 50 ölkə və Aİ tərəfindən imzalanmış Enerji Xartiyası Müqaviləsi enerji sektorunda və ticarətində transmilli əməkdaşlıq üçün çərçivə yaradır.
Aİ isə bu müqavilənin beynəlxalq səviyyədəki iqlim hədəfləri ilə müqayisədə aktuallığını itirdiyini əsas gətirərək, Enerji Xartiyası Müqaviləsindən çıxdığını açıqlamışdı.
Mövsüm,
AzNews.az