Azərbaycan tikinti sənayesində bir ilk! - ŞƏRH

18 İyul 2025 21:11 (UTC+04:00)

11 iyul 2025-ci il tarixində İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə “Sənaye 4.0 Forumu – Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı beynəlxalq tədbir keçirilib. Forum çərçivəsində ilk dəfə təqdim olunan “Sənaye 4.0-a Hazırlıq Proqramı”nın pilot mərhələsi və bu mərhələyə daxil edilən müəssisələrin rəqəmsal transformasiya istiqamətində gördüyü işlər diqqətə çatdırılıb. Proqramın icrası çərçivəsində “McKinsey & Company” şirkəti ilə əməkdaşlıq aparılıb və müəssisələr üçün fərdi yol xəritələri hazırlanıb. Pilot müəssisələrdən biri olan METAK şirkəti artıq rəqəmsal transformasiyaya keçidə başlayıb və bu prosesin ilkin nəticələri təqdim olunub.

Aznews.az şərh edir ki, forum və təqdim olunan proqram sənaye müəssisələrinin rəqəmsallaşma səviyyəsinin yüksəldilməsi baxımından mühüm mərhələ hesab oluna bilər. Dördüncü Sənaye İnqilabının əsas elementlərindən biri olan avtomatlaşdırma, süni intellekt və data əsaslı qərarvermə alətlərinin tətbiqi hazırkı mərhələdə yalnız texnoloji təkmilləşmə deyil, həm də müəssisələrin rəqabətqabiliyyətliliyinin artırılması baxımından əhəmiyyət daşıyır. Bu baxımdan, “Sənaye 4.0-a Hazırlıq Proqramı” müəssisələrin istismar xərclərinin optimallaşdırılması, məhsuldarlığın artırılması və insan resurslarının daha səmərəli istifadə olunması imkanlarını genişləndirir. Proqram çərçivəsində beynəlxalq təcrübəyə malik konsaltinq şirkətləri ilə əməkdaşlıq isə sənaye obyektlərinin rəqəmsallaşma mərhələsinə keçidində texnoloji və idarəetmə baxımından keyfiyyətli dəstəyin təmin olunduğunu göstərir.

METAK-ın pilot müəssisə kimi seçilməsi təsadüfi deyil, çünki şirkət uzunmüddətli istehsal təcrübəsinə və müasir texnoloji potensiala sahibdir. Bu nümunəvi yanaşma, ölkədə sənayeləşmənin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Rəqəmsal transformasiyanın tətbiqi istehsal zəncirinin hər mərhələsində qərarların sürətləndirilməsini və istehsal proseslərinin çevik idarə olunmasını mümkün edir. Bu isə qlobal bazarlarda rəqabətə davamlı məhsul təqdim etmək baxımından böyük üstünlükdür. Forumun beynəlxalq formatda təşkili və müxtəlif səviyyələrdə iştirakın təmin olunması isə Azərbaycanın sənaye siyasətində texnoloji modernləşməyə verdiyi strateji önəmi nümayiş etdirir.

Məqsədyönlü proqramların və pilot layihələrin tətbiqi sənaye sektorunun struktur baxımından çevik və innovasiyalara açıq hala gəlməsinə imkan verir. Bu prosesdə həm texnologiya, həm də insan resurslarının paralel inkişaf etdirilməsi isə dayanıqlı istehsal mühitinin formalaşması üçün əsas şərtlərdəndir. METAK nümunəsi göstərir ki, lokallaşmış müəssisələr belə, qlobal texnoloji tendensiyalara inteqrasiya etmək iqtidarındadır və bu model digər şirkətlər üçün də tətbiq oluna biləcək praktik mexanizm kimi çıxış edə bilər.

Nuray,

Aznews.az