Xocalı kərpic zavodu Qarabağ iqtisadiyyatının bərpasına töhfə verir - ŞƏRH

18 İyul 2025 21:12 (UTC+04:00)

Prezident İlham Əliyevin iştirakı ilə Xocalı kərpic zavodunun açılışı işğaldan azad olunmuş ərazilərin iqtisadi reabilitasiyası baxımından mühüm mərhələ sayılır. Daşbulaq kəndində inşa edilən bu müəssisə yalnız istehsal gücü və texnoloji səviyyəsi ilə deyil, həm də sosial-iqtisadi funksiyası ilə fərqlənir. Müəssisənin illik istehsal gücü 16,2 milyon ədəd kərpic təşkil edir ki, bu da regionda tikinti sektorunun tələbatını qarşılamaqla bərabər, logistik və infrastruktur xərclərinin azaldılmasına da şərait yaradır. Zavodda tətbiq olunan alman və Türkiyə texnologiyaları həm məhsuldarlığı artırır, həm də ətraf mühitə minimum təsirlə fəaliyyət göstərməyə imkan verir.

Layihənin 8,5 milyon manatlıq dəyəri, ilkin mərhələdə 60, gələcəkdə isə 120 nəfər daimi işçinin işlə təmin olunması nəzərə alınsa, bu zavod regionda həm iqtisadi fəallığın, həm də sosial sabitliyin gücləndirilməsində əhəmiyyətli rol oynayacaq. İşçilərin əsas hissəsinin məhz işğaldan azad edilən rayonların sakinləri olması, məcburi köçkünlərin məskunlaşma və məşğulluq problemlərinin aradan qaldırılmasına dəstək verir. Bu, həm də regionun demoqrafik və iqtisadi strukturunun bərpası üçün vacib sosial-iqtisadi alət rolunu oynayır.

Xocalı gil yatağından istifadə edilməsi yerli resurslardan səmərəli istifadənin nümunəsidir. Bu, bir tərəfdən xammal təminatının davamlılığını və istehsal zəncirinin sabitliyini təmin edir, digər tərəfdən isə nəqliyyat və idxal xərclərinin azaldılması ilə maliyyə qənaətinə şərait yaradır. Zavodun dövlət tərəfindən təqdim olunan vergi və sosial sığorta güzəştlərindən yararlanması isə investisiya mühitini stimullaşdıran faktorlardandır. Bu güzəştlər təkcə mövcud müəssisələr üçün deyil, həm də gələcək investorlar üçün motivasiyaedici rol oynayır və regionun iqtisadi cazibədarlığını artırır.

Müəssisənin istifadəyə verilməsi Azərbaycanın ümumi sənayeləşmə siyasəti kontekstində qiymətləndirilməlidir. Sənayenin inkişafında lokal istehsal güclərinin artırılması, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə yeni texnologiyalar əsasında qurulan müəssisələrin yaradılması, ölkənin iqtisadi təhlükəsizliyini gücləndirən əsas faktorlar sırasındadır. Bu cür müəssisələr həm qeyri-neft sektorunun inkişafına töhfə verir, həm də regionların balanslı iqtisadi inkişafını təmin edir. Gələcəkdə Xocalı kərpic zavodu kimi müəssisələrin çoxalması, Azərbaycanın daxili tikinti materialları bazarında asılılığı azaltdığı kimi, ixrac potensialının da yüksəlməsinə xidmət edə bilər.

Nuray,
Aznews.az