Azərbaycan hökumətinin yaşıl enerji sahəsində atdığı addımlar son dövrlər beynəlxalq diqqəti cəlb edən mühüm strateji istiqamətə çevrilib. Bu istiqamətdə mühüm mərhələlərdən biri də Azərbaycan hökuməti ilə Dünya Bankı arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə kredit müqaviləsinin imzalanması oldu. Azərbaycanın maliyyə naziri Sahil Babayevin də qeyd etdiyi kimi, bu saziş ölkənin yaşıl enerji keçidini sürətləndirmək, enerji təhlükəsizliyini təmin etmək və iqlim dəyişiklikləri ilə mübarizəni gücləndirmək məqsədi daşıyır. Nazir eyni zamanda, ölkənin zəngin bərpa olunan enerji ehtiyatlarına malik olduğunu, xüsusilə günəş, külək və hidroenerji potensialının yüksək səviyyədə olduğunu vurğulayıb. Bu da Azərbaycanın yalnız enerji istehsalçısı kimi deyil, eyni zamanda yaşıl enerji ixracatçısı kimi beynəlxalq enerji bazarlarında yeni bir mövqe qazanmasına zəmin yaradır.
Yaşıl enerji anlayışı – təbiətə zərər verməyən, karbon emissiyalarını minimuma endirən, davamlı və təkrar istehsal oluna bilən enerji mənbələrini əhatə edir. Bunlara günəş enerjisi, külək enerjisi, hidroenerji, geotermal enerji və biokütlə daxildir. Bu enerji növləri ənənəvi – yəni fosil yanacaqlardan fərqli olaraq – ətraf mühitə zərər vermədən istehsal olunur və qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə həlledici rol oynayır. Bu səbəbdən də dünya miqyasında yaşıl enerji istehsalına və ixracına üstünlük verilir, həm maliyyə investisiyaları, həm də texnoloji dəstəklər məhz bu sektora yönəldilir.
Yaşıl enerjinin ixracı Azərbaycanın iqtisadi və strateji maraqları baxımından bir sıra mühüm üstünlüklər vəd edir. İlk növbədə, bu ölkəyə enerji sahəsində gəlirlərini artırmaq üçün yeni və sabit bazarlar təqdim edir. Ənənəvi enerji ehtiyatlarının – neft və qazın – tükənə biləcəyini və bu sahədəki bazar dalğalanmalarını nəzərə aldıqda, bərpa olunan enerji ixracı Azərbaycanın enerji müstəqilliyini möhkəmləndirəcək və iqtisadiyyatını daha dayanıqlı edəcək. İkinci mühüm üstünlük isə yaşıl enerjinin ixracı nəticəsində Azərbaycanın karbon emissiyalarının azaldılması və ətraf mühitin qorunmasına yönəlik beynəlxalq öhdəlikləri yerinə yetirməsi ilə bağlıdır ki, bu da ölkənin iqlim dəyişiklikləri ilə mübarizə sahəsində nüfuzunu gücləndirəcək.
Eyni zamanda, Azərbaycanın yaşıl enerji sektoruna yönəltdiyi bu strateji baxış beynəlxalq səviyyədə ölkənin imicinə də ciddi təsir göstərməkdədir. Bu ilin sonunda Bakıda keçiriləcək COP29 kimi mötəbər beynəlxalq tədbirin ev sahibliyi və Azərbaycanın konfransın sədr ölkəsi olması da yaşıl enerji gündəliyinə olan sadiqliyin sübutudur. Belə bir prosesdə yaşıl enerji istehsalçısından ixracatçıya çevrilmək Azərbaycanın regional və qlobal enerji siyasətində söz sahibi olmasına, Avropa və Asiya bazarlarında strateji tərəfdaş statusu qazanmasına səbəb ola bilər. Bu həm də xarici sərmayənin artmasına, texnologiya transferinə və innovasiyaların təşviqinə zəmin yaradacaq.
Beləliklə, yaşıl enerji yalnız ətraf mühitin qorunması deyil, həm də Azərbaycanın gələcək iqtisadi inkişafı, enerji diplomatiyası və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi baxımından strateji bir istiqamətə çevrilmişdir. Ölkənin bu sahədə atdığı addımlar onun yalnız bu gün üçün deyil, həm də sabah üçün necə hazırlıqlı və irəlicə düşünən bir enerji siyasətinə malik olduğunu göstərir.
AzNews.az