“Azərbaycan və Türkmənistanı — Türk dünyasının yüksələn gücləri olaraq — birləşdirən bir çox ortaq məqamlar mövcuddur. Bunlara soy-kök, dil, din, tarix, mənəvi bağlar və digər məsələlər daxildir. Təbii ki, bu gün bizi birləşdirən ən önəmli məsələlərdən biri də ortaq maraqlardır. Xüsusilə enerji sahəsində əməkdaşlıq ön plandadır. Xəzər dənizində yerləşən “Dostluq” yatağının birgə istifadəsi ilə bağlı razılaşma əldə olunub”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
Qeyd edək ki, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri böyük maraqla qarşılanıb. Qeyd olunur ki, bu səfər ölkələr arasında münasibətlərin daha da dərinləşdirilməsi və inkişaf etdirilməsi məqsədi daşıyır. İkitərəfli əlaqələrin möhkəmləndirilməsi, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın genişlənməsinə əlavə stimul verəcəyi gözlənilir.
Siyasi şərhçi bildirib ki, Xəzər dənizinin dibi ilə və ya İran ərazisindən keçməklə, Azərbaycanın vasitəsilə Türkiyəyə, oradan isə Avropaya çatdırılması nəzərdə tutulan yaşıl enerji məsələsi hazırda gündəmdədir.
“Eyni zamanda, Türkmən qazının Azərbaycana, oradan isə Türkiyəyə ötürülməsi ilə bağlı məsələlər də müzakirə olunur. Yəni demək olar ki, bizi birləşdirən çoxsaylı ortaq məqamlar və maraqlar mövcuddur. Biz qardaş dövlətlərik. Türkmənistan Xalq Məsləhət Şurasının rəhbəri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlərdə bu mövzular ətrafında əhəmiyyətli müzakirələr aparılıb. Önəmli qərarlar qəbul olunub və gələcəkdə bu razılaşmaların reallaşdığını şahidlik edəcəyik. Bütün bu prosesləri çox müsbət və yüksək qiymətləndirirəm. Azərbaycan və Türkmənistan kimi iki qardaş ölkənin tarixdən gələn ənənələri bu günün çağırışları ilə vəhdət təşkil edir. Onlar birlikdə Türk dünyasının güclənməsinə töhfə verməkdədirlər. Bu güclü Türk dünyasında Azərbaycan və Türkmənistanın xüsusi yer tutaraq birgə fəaliyyəti, düşünürəm ki, bu müzakirələrdə və əməkdaşlıq istiqamətlərində əsas istiqaməti müəyyənləşdirir”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az