Məktəbəqədər təhsilə elektron qəbul başladı: valideynləri nə gözləyir?

18 İyul 2025 19:53 (UTC+04:00)

“Məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi barədə ictimaiyyət məlumatlandırılıb. 18 iyul tarixindən etibarən məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi başlayıb. Bununla bağlı yeni, elektron sistem tətbiq edilərək, qəbul prosesi tam şəffaf şəkildə həyata keçirilir. Əvvəllər uşaqların məktəbəqədər müəssisələrə qəbulu müxtəlif problemli yollarla, qohumluq əlaqələri və rüşvət hallarına yol verilirdi. Valideynlər bu vəziyyətdən ciddi narazılıq edirdi. Təhsil Nazirliyinin nəzarəti ilə bu hallara artıq demək olar ki, yol verilmir. İndi məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu, müəllimlərin işə qəbulu və sertifikasiya prosesləri tam elektron sistem vasitəsilə aparılır. Bu, həm prosesin şəffaflığını artırır, həm də korrupsiya hallarını aradan qaldırır. Valideynlər elektron portal vasitəsilə müraciət edir, müraciətləri qəbul olunduqda uşaqlar həmin müəssisələrdə təhsil almağa başlayır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Xatırladaq ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesinə artıq start verilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, 18 iyul 2025-ci il saat 11:00-dan Regional Təhsil İdarələri və Naxçıvan MR-nın tabeliyindəki müəssisələrə, 25 iyul saat 11:00-dan isə Bakı üzrə məktəbəqədər müəssisələrə qəbul üçün valideynlər elektron şəkildə növbə yarada biləcəklər.

Ekspert bildirib ki, bu, uzun müddətdir gözlənilən və olduqca müsbət bir addımdır.

“Hazırda məktəbəqədər müəssisələrin yerləri ilə uşaqların sayı arasında ciddi fərq var. Təhsil Nazirliyi müəssisələrin sayının artırılması üçün müvafiq addımlar atmağı planlaşdırır ki, bu da azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunmasını artıracaq. Rəqabət yüksək olsa da, əvvəllər valideynlərin və müəssisə rəhbərlərinin neqativ addımlar atmasına səbəb olan hallar elektron sistem sayəsində aradan qalxacaq. Valideynlər artıq məktəb rəhbərləri ilə şəxsən görüşmədən, rahatlıqla elektron sistem üzərindən müraciətlərini edə biləcək və uşaq evə yaxın təhsil müəssisəsinə qeydiyyata alınacaq. Əvvəllər müəllimlərin yer doluluğu ilə bağlı bəhanələri aradan qalxacaq və valideynlərin narazılıqları azalacaq. Bu təşəbbüs uğurlu olsun və qarşıya çıxan narazılıqların qarşısı alınsın. Üstünlükləri qeyd etdik. Həqiqətən də, elektron sistemə keçid, növbənin onlayn formada götürülməsi və neqativ halların minimuma endirilməsi bu sistemin müsbət tərəflərindəndir. Lakin bununla yanaşı, bəzi mənfi cəhətləri də mövcuddur. Məsələn, kim tez növbə götürürsə, o da qəbul edilir. Bu isə digərləri üçün müəyyən çətinliklər yaradır. Xüsusilə qeydiyyatın ilk günlərində sistemə ciddi yüklənmə müşahidə olunur. Bu, valideynlərdə narahatlıq yaradır. Çünki hamı eyni vaxtda müraciət etməyə çalışır ki, yer tuta bilsin. Bildiyimiz kimi, təhsil müəssisələrinin sayı şagird sayına nisbətdə azdır və bu da əlavə sıxlığa səbəb olur”.

Ekspert əlavə edib ki, bu narahatlığın aradan qaldırılması üçün zəruri addımlar atılmalıdır:

“Məktəbəqədər təhsil müəssisələrinin sayı artırılmalıdır. Eyni zamanda, təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməlidir. Tədris prosesi ciddi şəkildə nəzarətdə saxlanılmalıdır. Sertifikasiya imtahanlarının tətbiqi müəyyən üstünlüklər yaratsa da, bu sahədə nəzarətin davamlı və ardıcıl olması vacibdir. Xüsusilə tərbiyəçilərin işə qəbulu məsələsində ciddi nəzarətə ehtiyac var. Bu, bizim ən zəif nöqtələrimizdən biridir. Bütün valideynlər istəyər ki, övladları dövlət müəssisələrində yüksək səviyyəli təhsil alsın. Lakin bu gün bəzi valideynlər övladlarını xüsusi təhsil müəssisələrinə, müəyyən məbləğ qarşılığında verməyə üstünlük verirlər. Bunun əsas səbəbi dövlət baxçalarının valideyn tələbatını tam şəkildə qarşılamamasıdır. Biz istəyirik ki, məktəbəqədər təhsil müəssisələrində tədris keyfiyyəti, sosial şərait, qidalanma və ümumi yaşayış səviyyəsi yüksək olsun və ciddi nəzarət altında saxlanılsın”.

Təhsil eksperti əlavə edib ki, əgər nəzarət təmin olunarsa, məktəbəqədər təhsil müəssisələrinin inkişafı daha sürətli və dayanıqlı olacaq:

“Əslində, dövlət tərəfindən müəyyən qədər dəstək göstərilir – qida təminatı həyata keçirilir, təmir işləri üçün vəsait ayrılır. Amma təəssüflər olsun ki, bəzi təhsil müəssisələrinin rəhbərləri bu məsələlərə laqeyd yanaşır və bəzən şəxsi maraqları ümumi maraqlardan üstün tuturlar. Bu isə prosesin ləngiməsinə səbəb olur”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az