"Türkmənistanla çoxşaxəli əməkdaşlığın genişləndirilməsi prioritetdir" - Deputat

18 İyul 2025 21:03 (UTC+04:00)

"İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Türkmənistan Xalq Məsləhətinin sədri hörmətli Qurbanqulu Berdiməhəmmədovun birgə Şuşa şəhərinə səfəri iki qardaş və dost ölkə arasındakı münasibətlərin dərin və sarsılmaz olduğunu bir daha təsdiqlədi. Bu səfər həm siyasi, həm də mədəni əlaqələrin daha da möhkəmlənməsi istiqamətində əhəmiyyətli addımdır".

Bu barədə AzNews.az-a millət vəkili Fatma Yıldırım açıqlama verib.

Deputat deyib:

"Şuşa yalnız Azərbaycanın mədəni paytaxtı deyil, həm də bütün Türk dünyasının mədəniyyətinin, tarixinin və milli dəyərlərinin canlı simvoludur. Bu müqəddəs şəhərə səfər, regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, həmçinin Qarabağın sürətlə bərpası və yenidən qurulması prosesinə qardaş ölkələrin dəstəyinin nümayişi kimi xüsusi önəm daşıyır.

Səfər zamanı Şuşanın tarixi irsinin qorunması, bərpası işləri və gələcək mədəni əməkdaşlıq istiqamətləri barədə ətraflı müzakirələr aparıldı. Bu, Azərbaycan ilə Türkmənistan arasında çoxşaxəli əməkdaşlığın genişləndirilməsi və daha sıx parlamentlərarası, mədəni və iqtisadi əlaqələrin qurulması üçün möhkəm zəmin yaradır.

Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq təşəbbüslərin gücləndirilməsi və regionun davamlı inkişafına töhfə vermək məqsədilə bu kimi yüksək səviyyəli səfərlər çox vacibdir. Qarabağda sülhün, əmin-amanlığın və davamlı inkişafın təmin olunması Azərbaycan və bütün regionun rifahı üçün prioritet məsələdir.

Bu səfər həm də cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin, eləcə də Türkmənistan rəhbərliyinin regionda sülh, əməkdaşlıq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafına verdiyi önəmin təzahürüdür. Qarabağın bərpasında və inkişafında dost ölkələrin dəstəyi gələcəkdə daha sıx əməkdaşlığın başlanğıcı kimi qiymətləndirilməlidir.

Biz inanırıq ki, bu səfər Azərbaycan-Türkmənistan dostluğunun, həmrəylik və qarşılıqlı dəstək prinsiplərinin daha da möhkəmlənməsinə töhfə verəcək və regionda sülh, sabitlik və tərəqqi üçün yeni imkanlar yaradacaqdır".