ADB ilə əməkdaşlıq qeyri-neft ixracının keyfiyyət mərhələsinə keçidini stimullaşdıra bilər - ŞƏRH

18 İyul 2025 21:16 (UTC+04:00)

Azərbaycanın qeyri-neft ixracının genişləndirilməsi və struktur baxımından şaxələndirilməsi üzrə potensial imkanlar Asiya İnkişaf Bankı ilə birgə qiymətləndirilib. AİB-nin ilk dəfə olaraq ölkəmizdə ixrac və dəyər zəncirinə dair məsləhətləşmə missiyasını həyata keçirməsi Azərbaycanın qeyri-neft sektorunda strateji inkişaf meyillərinə olan beynəlxalq marağın göstəricisidir. Görüş zamanı Azərbaycanın ixrac coğrafiyasının genişləndirilməsi, məhsul portfelinin zənginləşdirilməsi və bu istiqamətdə çağırışlara qarşı texniki və institusional dəstəyin artırılması ətrafında fikir mübadiləsi aparılıb. AZPROMO-nun mövcud siyasət çərçivəsində icra etdiyi təşviq mexanizmləri və araşdırmalar AİB üçün praktik başlanğıc nöqtəsi kimi çıxış edir.

Görüşdə qeyd olunan əsas məqam ondan ibarətdir ki, AİB Gürcüstan nümunəsində artıq bu cür araşdırma modelini uğurla reallaşdırıb və analoji təcrübənin Azərbaycana tətbiqi üçün real imkanlar mövcuddur. Bu isə təkcə texniki tövsiyələrlə deyil, həm də uzunmüddətli institusional əməkdaşlıq üçün dayanıqlı baza yaradır. Azərbaycanın ixrac strukturuna nəzər saldıqda, qeyri-neft sektoru üzrə ixracın əsasən kənd təsərrüfatı və ilkin emal məhsulları üzərində cəmləşdiyi görünür. Lakin qlobal dəyər zəncirlərinə effektiv inteqrasiya üçün məhsulun istehsal dərinliyinin artırılması, əlavə dəyər yaradan proseslərin yerli bazada baş tutması vacibdir. AİB-nin məhz bu sahəyə fokuslanması, Azərbaycanın potensial ixrac üstünlüklərini yalnız həcm deyil, keyfiyyət və rəqabətlilik parametrlərinə uyğun olaraq qiymətləndirməyə imkan verəcək.

Müzakirədə AZPROMO-nun həyata keçirdiyi sorğular və sahəvi tədqiqatların AİB ilə bölüşülməsi təşəbbüsü də mühüm əhəmiyyət daşıyır. Bu, ölkənin real bazar göstəricilərinin beynəlxalq analizlərə inteqrasiyasını təmin etməklə, qərarların faktiki əsaslara söykənməsini gücləndirəcək. Belə bir yanaşma həm xarici investorların risk və imkan qiymətləndirməsinə şəffaflıq gətirir, həm də yerli ixracatçılar üçün bazar yanaşmalarının transformasiyasına stimul verir. Görüş zamanı səsləndirilən təkliflərin operativ mexanizmlərə çevrilməsi isə təkcə rəsmi strukturların deyil, həm də özəl sektorun koordinasiyalı fəaliyyəti ilə mümkündür.

Mövcud konfiqurasiyada bu əməkdaşlığın davamlı və məqsədyönlü inkişafı, Azərbaycanın qeyri-neft ixracının dayanıqlı artımına, məhsul strukturunun modernləşdirilməsinə və rəqabətqabiliyyətli iqtisadiyyat quruculuğuna əhəmiyyətli töhfə verə bilər. Bu yanaşma paralel şəkildə region ölkələrinin təcrübəsindən yararlanmaqla, milli ixrac strategiyasının beynəlxalq mühitə uyğunlaşmasını da gücləndirəcək. Ən əsası isə, bu tip dialoqlar Azərbaycanın post-neft dövründə iqtisadi transformasiya yolundakı səylərinin səmərəliliyini artırmaq baxımından əhəmiyyətli rol oynayır.

Nuray,

Aznews.az