Azərbaycan və Monteneqro iqtisadi əməkdaşlıq imkanlarını genişləndirir - ŞƏRH

18 İyul 2025 21:24 (UTC+04:00)

Azərbaycanın Monteneqro ilə həyata keçirdiyi ikitərəfli iqtisadi və investisiya formatlı təmaslar, ölkəmizin regional və qlobal sərmayə platformalarında aktiv iştirak niyyətinin daha bir nümunəsidir. AZPROMO-nun rəhbərlik etdiyi nümayəndə heyətinin Monteneqroya səfəri zamanı keçirilən görüşlər, sadəcə mövcud əməkdaşlığın dərinləşdirilməsi deyil, həm də yeni birgə layihələrin inkişafı üçün real əsasların formalaşmasına xidmət edir. Turizm, İKT, kənd təsərrüfatı və tikinti kimi sahələrin ön plana çıxarılması, bu sahələrin hər iki ölkə üçün iqtisadiyyatdakı tamamlayıcı xarakterini və investisiya baxımından qarşılıqlı marağını əks etdirir. “Sea Breeze” və “Portonovi” kimi layihələrin təqdimatı, eləcə də Azərbaycanın Monteneqroda aparıcı investor statusuna malik olması, ölkəmizin xarici iqtisadi manevr qabiliyyətini göstərir.

Xüsusilə turizm və urbanizasiya sahələrində Monteneqronun təcrübəsi Azərbaycanın post-münaqişə dövründə regionların inkişafı üçün nümunəvi yanaşmalardan biri kimi nəzərdən keçirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına Monteneqro tərəfinin göstərdiyi maraq bu baxımdan diqqətəlayiqdir. Bu bölgələrdə dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində turizm və infrastruktur layihələrinin reallaşdırılması həm yeni sərmayələrin cəlb olunması, həm də bölgənin sosial-iqtisadi canlanması üçün mühüm addım ola bilər. Kotor kanat yolu layihəsi əsasında Azərbaycanda da bu cür infrastrukturun qurulması istiqamətində müzakirələrin aparılması, texnoloji və idarəetmə təcrübəsinin ötürülməsi baxımından əhəmiyyətlidir.

Anlaşma Memorandumunun imzalanması perspektivinin tərəflər arasında investisiya əməkdaşlığının hüquqi və institusional əsaslarla möhkəmləndirilməsinə töhfə verəcəyi gözlənilir. Eyni zamanda bu addım investor hüquqlarının qorunması və sərmayə mühitinin sabitliyi baxımından da strateji rol oynayacaq. Monteneqroda tətbiq edilən cəlbedici investisiya şərtləri, vergi və inzibati prosedur sadəliyi, turizm mərkəzlərinin müasir infrastrukturla təchiz olunması Azərbaycanın da paralel olaraq bu sahələrdə öz potensialını genişləndirməsinə stimul verə bilər. İki ölkə arasında təcrübə və təşəbbüs mübadiləsi, təkcə konkret layihələrlə məhdudlaşmır, həm də regional iqtisadi inteqrasiyanın güclənməsinə, yeni bazarlara çıxış imkanlarının yaradılmasına şərait yaradır.

Nümayəndə heyətinin səfəri yalnız təbliğat və təqdimat səviyyəsində deyil, praktik əməkdaşlıq mexanizmlərinin qurulması baxımından da strateji əhəmiyyət kəsb edir. İştirak edilən görüşlər, aparılan təqdimatlar və tanışlıq səfərləri, Azərbaycanın iqtisadi diplomatiyasında daha çevik və hədəfli fəaliyyət modelinə keçid etdiyini göstərir. Nəticədə, Azərbaycanla Monteneqro arasında formalaşan bu yeni iqtisadi əlaqə xətti, qarşılıqlı etimada əsaslanan uzunmüddətli əməkdaşlığın əsasını qoya bilər.

Nuray,

Aznews.az