Qarabağda gördüklərim

18 İyul 2025 22:37 (UTC+04:00)

2020-ci ildə torpaqlarımız işğaldan azad olunandan sonra hər il Şuşaya səfər edirik və tədbirlərdə iştirak edirik. Şuşaya səfərlərimiz işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işləri haqqında təsəvvür yaradır. Amma bütün əraziləri gəzib görmədən ümumi şəkildə icra olunan layihələr haqqında söz demək çətin olur. Atalar misalında deyildiyi kimi min dəfə eşitməkdənsə bir dəfə görmək daha yaxşıdır.

Ona görə də 15 iyunda məzuniyyətə çıxdığımız ilk gündən başlayaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfər etmək və hər bir rayonun inkişafını canlı şəkildə görmək qərarına gəldim. Belə ki, iki günlük səfərim çərçivəsində Xocalı, Xankəndi, Şuşa, Laçın, Qubadlı, Zəngilan və Cəbaryıl rayonlarına getdim. Deyə bilərəm ki, 10 min kvadrat kilometr ərazilərimizin hər bir yeri yenidən qurulur. Hara baxsan da ancaq işləyən ağır texnikalrı, işləyən insanları görürsən. İlk növbədə yol infrastrukturu haqqında qeyd etmək istəyirəm.

Qısa zaman kəsiyində dağların altından çəkilən saysız hesabsız tunellər, yol ötürücüləri, körpülər, dörd və daha çox zolaqlı yollar, dəmir yolu və hava limanlarının ərsəyə gəlməsini gözlə görməsən inanmaq olmur. Xankəndi yenidən qurlur və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Şuşa şəhərini muzeylər və xalqımızın tarixini yaşadan şəhər adlandırsaq yanılmarıq. Cənnətin reallıqda bir nümunəsi varsa oranı da Laçını adlandırardım. Laçının dizaynı və arxitekturası tamailə fərqli və göz oxşayandır. Hətta Zabux, Sus və Bəylik kəndləri göz oxşayandır. Sakinlər qayıdıb yaşayırlar. Kəndlərdə həyat qaynayır. Amma Sus kəndində evlərin qarşısındakı yol kənarını ot basmasını və sakinləri tərəfindən qulluq etməməsini görəndə təəssüfləndim. Dövlətin ayırdığı milyardlarla manat vəsaiti hesabına tikilən yaşayış məntəqələrini məskunlaşan hər bir sakinin qorumalı olduğunu hesab edirəm.

Qubadlı, Zəngilan və Cəbrayıl rayonun kəndləri də sürətlə tikilir. 2022-2026 -cı illəri əhatə edən Böyük Qayıdışa dair Dövlət Proqramı uğurlu icra olunduğunu deyə bilərik. Hesab edirəm ki, bir neçə ildən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları əsl cənnətə çevriləcək və uzun illər ağır məcburi köçkün həyatını yaşamış vətəndaşlarımız abad evlərədə öz firavan həyatlarına davam etdirəcəklər. Bu həm də dövlətimizin iqtisadi gücünün göstəricisi olduğunu hesab edirəm. Bəzən dili ağzında dayanmayan və dövlət vəsaitlərinin hara xərcləndiyi haqqında şübhə ilə yanaşanlara işğaldan azad olunmuş ərazilərə səfər etməsini tövsiyyə edirəm. İnanıram ki, o ərazilərdə həyata keçirlən yenidənqurma və bərpa işlərini öz gözü ilə görən hər bir şəxs dövlətimizlə fəxr edər.

Müharibədə qalib gəldik və dərhal geniş həcmli tikinti işlərinə başlanıldı. Bu işlərin görülməsi üçün Prezident İlham Əliyevin liderliyi hər zman qeyd olunmalıdır. Çünki, məhz ölkə başçımızın rəhbərliyi altında bütün çətinlikəri aşırıq və dünyada ölkəmizin nüfuzu günü-gündən artır. Lideri olmayan ölkələrin xalqlarının yaşadıqları faciəli həyatlarını da görürük. Azərbaycan isə sabitlik adasıdır və xalqımız təhlükəsiz şəraitdə yaşayıb yaratmaqla məşğuldur. Bu günki çox narahat dünyada ölkəmizdəki sülh və sabitliyi qorumaq üçün milli birliyimizi və həmrəyliyimiz daha da möhkəmlətməli və dövlət başçımızın yanında sıx birləşməliyik. Allah dövlətimizi, xalqımızı və dövlət başçımızı qorusun!

Azər Badamov,

Milli Məclisin deputatı