Azərbaycan Prezidenti Trampın qələbəsinin sülh sazişin ilə bağlı razılaşmaya təsirini açıqlayıb

19 İyul 2025 21:57 (UTC+04:00)

Azərbaycan sülh prosesinin təşəbbüskarı olub.

APA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib.

Dövlət başçısı bildirib ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra Minsk Qrupu üçlüyü hələ də çalışır, Bakıya səfər edirdi:

“Mən gördüm ki, onlar nə edəcəklərini bilmirlər. Mənə sual verəndə onlara dedim ki, biz Ermənistanla sülh sazişi üzərində işləməliyik. O zaman müharibə bitmişdi və boşluq var idi. Mən təklif etdim ki, bir proses başlansın”.

“Biz sülh sazişinin mətnini hazırladıq və onu Ermənistana göndərdik. Onların müxtəlif şərhləri var idi, 2 il ərzində heç bir irəliləyiş yox idi. Başlıca səbəbi o idi ki, Ermənistan həmin sülh sazişinin mətninə “Dağlıq Qarabağ” məsələsini daxil etmək istəyirdi. Biz onlara dedik ki, baxın, birincisi “Dağlıq Qarabağ” sizin təxəyyülünüzdə mövcuddur, bu, reallıqda mövcud deyil. Bura Azərbaycanın bir parçasıdır və o sülh müqaviləsinin mətninə daxili siyasətimizə aid məsələ olduğu üçün daxil edilə bilməz. İki il ərzində heç bir irəliləyiş yox idi”, - deyə Azərbaycan Prezidenti xatırladıb.

Prezident İlham Əliyev yalnız 2022-ci ilin sentyabrında antiterror əməliyyatı nəticəsində ərazilərimiz azad edəndən sonra Ermənistanın Dağlıq Qarabağ” məsələsinin sülh sazişinin mətninə daxil edilməsi məsələsində israr etmədiyini nəzərə çatdırıb: “Çünki artıq mövzu bağlı idi. Yəni nəyin üzərində israr edəcəksiniz? Demək olar ki, 2024-cü ilin yanvarında real danışıqlar başladı. Bizim hazırladığımız layihə üzərində iş getdi”.

AzNews.az