Hikmət Babaoğlu: Prezident İlham Əliyev Azərbaycan mediasının inkişafını yaxından izləyir

21 İyul 2025 11:24 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycan mediasının inkişafını yaxından izləyir.

Bunu “Report”a açıqlamasında Milli Məclisin üzvü Hikmət Babaoğlu deyib.

Deputat vurğulayıb ki, dövlət başçısı III Şuşa Qlobal Media Forumunda 150 illik yubileyini qeyd etdiyimiz milli mətbuatımızla bağlı maraqlı fikirlər səsləndirdi və özünəməxsus yüksək qiymətləndirmə apardı:

"Bu, 150 illik yubileyimiz üçün möhtəşəm təbrik kimi qəbul edilə bilər. Həmin təbrikdən biz daha sürətlə və yaxşı fəaliyyət göstərmək üçün mühüm motivasiya əldə etmiş olduq. Mənə elə gəlir ki, media mənsubları bunu bir avans olaraq qəbul etməlidirlər”.

H.Babaoğlu milli medianın dövlət başçısının verdiyi motivasiya və yüksək qiymətləndirmə ilə daha böyük enerji ilə çalışacağına və dövlət maraqlarını həssaslıqla qoruyacağına inamını da ifadə edib.

“İlham Əliyev bir neçə istiqamət üzrə qiymətləndirmə apardı, amma ən əsas hissə ondan ibarət idi ki, mediamız xaricdə Azərbaycanın mənafeyini qorumağı bacarır. Azərbaycan Prezidenti həmçinin qeyd etdi ki, ölkə mediasında yazılanlar müxtəlif siyasi mərkəzlər tərəfindən təhlil edilir və daha sonra bunun siyasi proseslərlə nə dərəcədə mütənasib olduğu qiymətləndirilir”.

Deputat hesab edir ki, bu, sadəcə Azərbaycan mediasının yox, həm də dövlətin gücüdür:

“Çünki gücsüz, məğlub ölkənin mediasının yazdıqları heç kəsi maraqlandırmır, amma güclü qərar qəbul etmə institutları olan, dünyada baş verən proseslərə təsir edə bilən bir ölkənin mediasının yazdıqlarını xarici siyasi mərkəzlər ciddiyə alaraq təhlil edir və müəyyən qənaətə gəlməyə çalışırlar. Səbəb də odur ki, subyekt kimi nəzərdən keçirilən o dövlət müəyyən qərarlar almaqla digər dövlətlərin də qərarlarına təsir edə bilər. Biz burada media ilə dövlətin vəhdətini görürük. Məncə, Azərbaycan milli mətbuatı bununla qürur duya bilər”.

AzNews.az