Süni intellekt media sahəsində çalışanların işini əlindən alacaqmı?

21 İyul 2025 11:59 (UTC+04:00)

3-cü Şuşa Qlobal Media Forumunun əsas mövzusu məhz süni intellekt dövründə medianın davamlı və dayanıqlı olmasıdır. AI o qədər sürətlə inkişaf edir ki, təkcə media yox, bir çox sahələrdə ənənəvi peşələri təhdid altına salır.

Hikmət Hacızadə çıxışının əsas hissəsini məhz süni intellektə həsr etmişdi. Söhbətimizdə də o, bu mövzunun ölkə rəhbərliyinin xüsusi diqqətində olduğunu vurğuladı və qeyd etdi ki, texnologiya və süni intellektin inkişafı ilə sadəcə uyğunlaşmaq lazımdır, kənarlaşdırmaq, qarşı gəlmək mümkünsüzdür.

Mənim açıqlamalarım və yanaşmam isə əslində sadədir. Əgər siz rəqəmsal və gündəlik, rutin təkrarlanan iş yüklü bir peşə sahibisinizsə, süni intellekt işinizi əlindən ala bilər. Çünki müasir bir AI-ın bir işi əvəzləməsi üçün 2 əsas şərt var: iş rəqəmsaldır və eyni şeylər təkrarlanır. Bunu AI-a öyrətmək isə artıq çox asandır.

Bəs nə edə bilərik? Bunun da cavabı sadədir: yaradıcı fəaliyyət. Medianın əsas istiqaməti bu olmalıdır. İnsan yaradıcılığı sərhədsiz və limitsizdir, AI sadəcə buna əsaslanır. Bəs yaradıcı süni intellekt? Onun da referansı elə insan yaradıcılığıdır. Əgər müstəqil araşdırma, təhlil, fərdi fikir, jurnalist yanaşması, insan analizi olmasa, AI üçün məlumat bazası da olmayacaq. Bu bir-birini tamamlayan iki dostdur, düşmən yox.

Yuxarıda sadaladığım səbəblərdən korrektorlar, redaksiya tərcüməçiləri, press-relizi paylaşanlar, alt yazı yazanlar, skript formalaşdıranlar, üzərinə səs yazanlar, redaktorlar, ənənəvi arxiv və məlumat toplayanlar işlərində artıq AI ilə hesablaşmalı olacaqlar.

Bunun əksinə, süni intellekt ilə işləməyi bacaran yaradıcı media çalışanları daha ön plana çıxacaq və daha çox qazanacaqlar.

Bəs sizin peşədə vəziyyət necədir? AI sizin işi əvəzləyə bilib?

Fərid Pərdəşünas,

Mətbuat Şurası İdarə Heyətinin üzvü