Xarici ölkə vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərləri üçün iyulun 23-dən etibarən rəsmi icazə sistemi tətbiq olunacaq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir ki, bu qərar Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi şəhərlərinə həm fərdi minik avtomobilləri ilə, həm də qrup halında səfərləri əhatə edir. İcazələr “Yolumuz Qarabağa” portalı vasitəsilə veriləcək, müddəti 5 gün olacaq və yalnız 90 günə qədər ölkədə olan əcnəbilər və müvəqqəti və ya daimi yaşamaq icazəsi olan şəxsləri əhatə edəcək. Səfər qaydaları, mina təhlükəsizliyi və yerləşmə məntəqələri ilə bağlı məlumatlar da portalda təqdim olunur.
Aznews.az şərh edir ki, bu qərarın iqtisadi və institusional əhəmiyyəti çoxölçülüdür və onu yalnız turizm tədbiri kimi deyil, həm də postmünaqişə dövrünün sosial-iqtisadi modelinin elementlərindən biri kimi dəyərləndirmək vacibdir. Qarabağ bölgəsinin iqtisadi dirçəlişində xarici vətəndaşların səfər imkanlarının yaradılması həm turizm axınlarını canlandırır, həm də ərazinin beynəlxalq informasiya axınına daxil olmasını stimullaşdırır. Əvvəla, xarici turistlərin fərdi və ya qrup şəklində səfərlərinə yaşıl işıq yandırılması regionun iqtisadi dövriyyəyə qoşulması baxımından yeni mərhələnin başlandığını göstərir. Hotel rezervasiyasının giriş icazəsi ilə eyniləşdirilməsi, rəqəmsal platforma üzərindən idarəetmə, çoxdilli interfeys və səfər qaydalarının mərkəzləşdirilmiş məlumat sistemi vasitəsilə təqdim olunması prosesin institusional bazasını gücləndirir.
Bu qərarın regionda ilkin xidmət sektorlarına - hotelçilik, nəqliyyat, iaşə və bələdçilik sahələrinə birbaşa və stimullaşdırıcı təsiri gözləniləndir. Mövcud infrastruktur layihələrinin fonunda xarici turistlərin marağının yüksəlməsi mikroiqtisadi canlanmaya səbəb ola bilər. Məsələn, 2023-cü ilin müvafiq dövründə ölkəyə gələn xarici vətəndaşların sayı 1,6 milyon nəfərə yaxın olmuş və bu göstərici ötən illə müqayisədə əhəmiyyətli artım göstərmişdi. Bu artım tendensiyası azad edilmiş ərazilərə maraqla birləşdikdə lokal iqtisadiyyatın inkişafını stimullaşdıra bilər. Qeyd edilən 90 günlük müddət və 5 günlük icazə sistemi eyni zamanda əraziyə girişin tənzimlənməsi və təhlükəsizliyin qorunması baxımından optimal həll formasıdır.
Təhlükəsizliklə bağlı qoyulan şərtlər, mina riskinə qarşı marşrutdan çıxmamaq və maarifləndirmə tədbirləri isə zəruri ehtiyat tədbirləri olaraq qiymətləndirilə bilər. Həm ərazidə fəaliyyət göstərən müəssisələrin, həm də potensial investorların bu səfərlərdən əldə edəcəyi məlumat və təəssüratlar daha geniş iqtisadi iştirak üçün zəmin yarada bilər. Bu baxımdan, qərarın yalnız qısamüddətli turizm səfərləri ilə yekunlaşmaması, əksinə uzunmüddətli iqtisadi əlaqələrin formalaşmasına da yol açması real ehtimaldır.
Beynəlxalq təcrübədə postmünaqişə ərazilərinin turizmlə iqtisadi reabilitasiyası üçün bu cür addımların mərhələli şəkildə atılması normal praktikadır. Azərbaycan bu istiqamətdə həm təhlükəsizliyi, həm də institusional çevikliyi əsas tutaraq strateji balans qurur. Xarici turistlərin səfərləri təkcə iqtisadi əlamətdarlıq daşımır, eyni zamanda informasiya və diplomatik sahədə də təsir gücünə malikdir. Regionun real vəziyyətini xarici vətəndaşların öz gözləri ilə görməsi, burada müşahidə edilən yenidənqurma və inkişaf dinamikasını beynəlxalq ictimaiyyətlə paylaşmaları Azərbaycan üçün həm reputasiya, həm də strateji mövqe baxımından əhəmiyyətlidir.
Bütün bunlar göstərir ki, xarici vətəndaşların səfər imkanlarının açılması yalnız turizm məqsədi daşımır. Bu qərar dövlətin Qarabağın sosial-iqtisadi inteqrasiyasına yönəlik ardıcıl siyasətinin bir hissəsidir və yaxın perspektivdə həm lokal iqtisadi aktivliyin artmasına, həm də regional reputasiyanın güclənməsinə mühüm töhfə verə bilər.
Nuray,
Aznews.az