2025-ci ilin ilk yarısında Azərbaycana turist axını 1,1 % azalıb

21 İyul 2025 13:58 (UTC+04:00)

Bu ilin ilk yarısında Azərbaycana dünyanın 178 ölkəsindən 1 milyon 217,4 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz azalma deməkdir. Dövlət Statistika Komitəsinin açıqlamasına əsasən, gələnlərin 25,8 faizi Rusiya, 17,6 faizi Türkiyə, 9,4 faizi Hindistan, 8,2 faizi İran, 4,2 faizi Gürcüstan, 3,7 faizi Qazaxıstan, 3,2 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Pakistan, 2,1 faizi Çin, hər birindən 1,9 faiz olmaqla İsrail və Özbəkistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1 faiz olmaqla Belarus və Küveyt, 12,6 faizi isə digər ölkələrin vətəndaşları olub. Turistlərin 67,9 faizini kişilər, 32,1 faizini isə qadınlar təşkil edib. Bu müddət ərzində bəzi ölkələrdən gələnlərin sayında nəzərəçarpacaq artım müşahidə olunub. Məsələn, İsraildən gələnlərin sayı 1,9 dəfə, Tacikistandan 1,8 dəfə, Çindən 1,6 dəfə, Yaponiyadan isə 44,3 faiz artıb. Eyni zamanda Qazaxıstan, ABŞ, Kanada, İtaliya, Cənubi Koreya və Almaniyadan da Azərbaycana gələnlərin sayında ciddi artımlar qeydə alınıb. Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 6,4 faiz artaraq 49,7 min nəfərə çatıb, lakin körfəz ölkələrindən gələnlərin sayı 7 faiz, MDB ölkələrindən gələnlərin sayı isə 7,3 faiz azalıb. Əcnəbilərin 74,3 faizi ölkəyə hava nəqliyyatı ilə, 24,3 faizi dəmir yolu və avtomobillə, 1,4 faizi isə dəniz nəqliyyatı ilə daxil olub.

Əcnəbi turistlərin sayında baş verən cüzi azalma bir çox amillərlə bağlı ola bilər. Qlobal turizm tendensiyaları, iqtisadi qeyri-sabitlik, regional və beynəlxalq siyasi gərginliklər, valyuta məzənnələrindəki dəyişikliklər, viza rejimindəki çətinliklər, həmçinin bəzi ölkələrdə daxili turizmə verilən üstünlük xarici səfərlərin azalmasına təsir göstərə bilər. Körfəz ölkələrindən gələnlərin sayında baş verən azalma, xüsusilə diqqət çəkir. Bu, həm region ölkələrinin öz daxili turizm infrastrukturuna yatırım etməsi, həm də Azərbaycan bazarına yönəlik promosyonların zəifləməsi ilə əlaqələndirilə bilər. MDB ölkələrindən olan azalma isə həm iqtisadi səbəblərlə, həm də müəyyən geosiyasi proseslərlə izah oluna bilər.

Turist axınının artırılması üçün Azərbaycanda turizm siyasəti daha çevik, hədəfli və innovativ yanaşmalarla gücləndirilməlidir. İlk növbədə, viza rejiminin daha da sadələşdirilməsi və genişləndirilməsi vacibdir. Elektron viza sisteminin təkmilləşdirilməsi, daha çox ölkəni bu sistemə daxil etmək, eyni zamanda hava limanlarında vizanın əldə olunması imkanlarının artırılması, spontan səfər planlayan turistlər üçün müsbət təsir yaradar. Turizm mövsümündən asılı olmayaraq, müxtəlif növ festivalların, beynəlxalq tədbirlərin və idman yarışlarının təşkil olunması da ölkəyə marağı artıra bilər. Xüsusilə yay və qış aylarında dağ turizmi, termal və sağlamlıq turizmi, kənd və ekoturizm kimi sahələrə diqqətin artırılması alternativ bazarların formalaşmasına səbəb ola bilər.

Bundan əlavə, xarici bazarlarda Azərbaycanın turizm potensialının tanıdılması məqsədilə aktiv və hədəfli reklam kampaniyaları təşkil olunmalı, beynəlxalq turizm sərgilərində iştirak daha intensiv şəkildə davam etdirilməlidir. Brendinq strategiyası da turizmin inkişafında vacib rol oynayır – “Land of Fire” (Odlar Yurdu) kimi ümumi şüarlar ətrafında konkret, vizual və emosional cəlbediciliyi olan kontentlərin hazırlanması və təqdimatı ölkəyə marağı artırar. Eyni zamanda, xidmət keyfiyyətinin yüksəldilməsi – mehmanxana və restoran sektorunun beynəlxalq standartlara uyğunlaşdırılması, çoxdilli xidmətlərin inkişafı və turist məmnuniyyətinin təhlili əsasında xidmətlərin fərdiləşdirilməsi mühüm əhəmiyyət daşıyır.

Turistlərin cəlb edilməsi üçün digər vacib amillərdən biri də təhlükəsizlik və sabitlikdir. Azərbaycanın turizm üçün təhlükəsiz ölkə imicinin qorunması və bu mesajın beynəlxalq mediada və platformalarda effektiv şəkildə ötürülməsi zəruridir. Digər tərəfdən, sosial media təsirçiləri ilə əməkdaşlıq, bloqerlərin, jurnalistlərin və səyahət agentliklərinin ölkəyə dəvət olunaraq təbliğat materiallarının hazırlanması müasir dövrdə yüksək effektivlik göstərən üsullardandır.

Beləliklə, Azərbaycanın turizm sahəsində əldə etdiyi uğurların davamlılığı üçün yalnız statistik göstəricilərə əsaslanmaq deyil, bu sahənin dərinliklərinə enən, davamlı və sistemli yanaşmalar tətbiq olunmalıdır. Hazırkı göstəricilər onu göstərir ki, ölkəyə maraq hələ də yüksəkdir və bu potensialı artırmaq üçün əlverişli zəmin mövcuddur. İndiki mərhələdə məsələ bu marağı dayanıqlı turist axınına çevirmək və Azərbaycanın mövqeyini regionun aparıcı turizm istiqamətlərindən biri kimi gücləndirməkdir.

AzNews.az